Azad edilmiş ərazilərə köçəcək əhalinin məşğulluq və sosial hüquqlarının təmini əsas çağırışlardandır - Sahil Babayev Hadisə

Azad edilmiş ərazilərə köçəcək əhalinin məşğulluq və sosial hüquqlarının təmini əsas çağırışlardandır - Sahil Babayev

İnsan hüquqlarının vacib bir istiqaməti sosial və məşğulluq qurumlarıdır. Bu istiqamətdə Azərbaycan sosial siyasətini ana xəttinə çevirən ölkədir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan həm sosial, həm də məşğulluq göstəriciləri ilə dinamik artımı təcəssüm etdirən ölkələrdəndir.

“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, onların iqtisadi cəhətdən ölkənin, regionun iqtisadiyyatına inteqrasiyası qarşıda duran ana xətlərdəndir.

Məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada canlandırmanın başlanılması əsas hədəflərdəndir: "Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada "Smart DOST", ASAN Xidmət mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Suşaya köçəcək insanlar üçün bu işlər görülür, regional xidmətlər vasitəsilə Ağdam, Tərtər və digər ərazilərdə bu xidmətlər göstəriləcək.

Bu ərazilərdə yaşayan insanlarımızın hüquqlarının müdafiəsi əsas işimiz olacaq ki, vətəndaşlarımız oranı inkişaf etdirsinlər. Azad edilmiş ərazilərə köçəcək əhalinin həm məşğulluq, həm sosial və digər hüquqlarının təmin olunması dövlətin qarşısında duran əsas çağırışdır", - deyə nazir əlavə edib.