Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin birgə elan etdikləri "Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Agentliyin məsul şəxsləri, ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, habelə müsabiqədə iştirakçı və qalib olmuş jurnalistlər iştirak ediblər.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov tədbir iştirakçılarını salamlayaraq alternativ və bərpa olunan enerji mənbələrini müasir dünya inkişafının əsas amillərindən biri kimi dəyərləndirib. Agentliyin sədri vurğulayıb ki, müstəqil respublikamız zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, qlobal çağırışlara adekvat reaksiya verərək "sülh enerjisi" kimi səciyyələndirilən alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəyə üstünlük verir.
Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirən A.Bədəlov qeyd edib ki, məqsəd ölkədə rentabelli, habelə ekologiyaya zərər vurmayan enerji istehsalını stimullaşdırmaq, ümumən enerji təhlükəsizliyini gücləndirməkdir. Agentliyin sədri, həmçinin bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahənin dinamik inkişafına əsaslı təkan verib.
Akim Bədəlov ötən illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericiliyin və normativ-hüquqi bazanın təkmilləşdirildiyini, dövlət və qeyri-dövlət qurumları tərəfindən iqtisadi, sosial, elmi-texniki yönümlü layihələrin həyata keçirildiyini vurğulayıb. Alternativ enerji istehsal edən 20-dən çox su, külək, günəş elektrik stansiyalarının inşa edildiyini diqqətə çatdıran Akim Bədəlov Qobustan və Samux rayonlarındakı alternativ enerji istehsalı komplekslərinin fəaliyyətini xüsusi qeyd edib. Agentliyin sədri, həmçinin vurğulayıb ki, ötən illərdə ölkədə bərpa olunan enerji mənbələrindən, o cümlədən su, külək, günəş və bioenerjidən istifadə yolu ilə 1,5 milyard kilovat saat elektrik enerjisi istehsal olunub və 500 milyon kubmetr qaza qənaət edilib.
Akim Bədəlov daha sonra tədbir iştirakçılarını Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edən videoçarxa baxmağa dəvət edib. Filmdə Azərbaycanda alternativ enerji mənbələri və onlardan istifadə imkanlarından, bu sahədə həyata keçirilən islahatlardan, qazanılan nailiyyətlərdən və perspektiv layihələrdən bəhs olunub.
Çıxışını davam etdirən Agentliyin sədri alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəyə xidmət edən islahatların və bu sahədə əldə olunmuş uğurların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən Akim Bədəlov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq ölkəmizin hazırkı dinamik inkişafı şəraitində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sosial-iqtisadi və ekoloji faydalarından söz açıb. İcraçı direktor Agentliyin qısa müddətdə bu sahədə mühüm layihələr həyata keçirdiyini, ölkənin iqtisadi və ekoloji cəhətdən səmərəli elektrik enerjisi ilə təminatına sanballı töhfələr verdiyini bildirib.
İcraçı direktor bildirib ki, Fondun Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birlikdə keçirdiyi müsabiqənin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, habelə bu sahədən yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, onların əməyinin stimullaşdırılmasıdır.
Vüqar Səfərli 2015-ci il avqustun 1-dən oktyabrın 1-dək davam edən müsabiqəyə 18 kütləvi informasiya vasitəsindən 29 yazının təqdim edildiyini, yazıların Fondun və Agentliyin ekspertləri tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib. Müsabiqəyə yazı təqdim edən, lakin qalib olmaq üçün zəruri balı toplaya bilməyən jurnalistlərin də diqqətdən kənarda qalmadığını deyən Vüqar Səfərli onlara Agentliyin xüsusi hədiyyələrinin veriləcəyini bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar verilib. (Müsabiqə qaliblərinin siyahısı aşağıdakı cədvəldə təqdim olunur). Eyni zamanda müsabiqəyə yazı təqdim edən, lakin qalib olmayan jurnalistlərə də Agentliyin xüsusi hədiyyələri təqdim olunub.
Fondun icraçı direktoru müsabiqənin qaliblərini təbrik edərək media ilə sıx və məhsuldar əməkdaşlığına görə Agentliyin rəhbərliyinə təşəkkürünü bildirib, belə müsabiqələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduğunu vurğulayıb.
Tədbiri yekunlaşdıran Akim Bədəlov fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə görə Fondun rəhbərliyinə və müsabiqədə iştirak edən KİV-lərin əməkdaşlarına minnətdarlığını bildirib. Agentliyin sədri rəhbərlik etdiyi qurumun media ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.
Aşağıda adları qeyd olunan şəxslər "Azərbaycanın alternativ (bərpa olunan) enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar" mövzusunda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olublar:

I YER

Rufik İsmayılov - "Kaspi" qəzetinin müxbiri

II YER

1. Fariz Vəliyev - "Mövqe" qəzetinin şöbə müdiri
2. Məhəmmədəli Qəribli - "Bakı-Xəbər" qəzetinin müxbiri

III YER

1. Seymur Məmmədov - "Day.az" İnformasiya agentliyinin baş redaktorunun müavini
2. Əli Səlimov - "Azərbaycan" qəzetinin müxbiri
3. İsmayılov Pərviz - "Yeni Azərbaycan" qəzetinin müxbiri

Hürrü Abdullayev, Bəhlul Eminli, Əziz Mustafayev, Gülqız Dadaşova, İsgəndər Həsənov, Ceyhun Piriyev, Təbriz Rəhimov, Müşfiq Cəfərov, Akif Nəsirli və İlkin Ağayev həvəsləndirici mükafata layiq görülüblər