Biz öz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik - Kəlbəcər sakini Hadisə

Biz öz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik - Kəlbəcər sakini

Uzun illər ərzində ən böyük arzum doğma Kəlbəcəri azad görmək idi.

Bunu Trend-ə açıqlamasında Kəlbəcər rayon sakini Arif Əliyev deyib.

"Kəlbəcər işğal altında olanda özümü tam hiss etmirdim, tez-tez yuxularımda görürdüm. Ötən illər ərzində doğma torpağımın qoxusunu unutmadım. Yayı da, qışı da zülmət, soyuq və günəşsiz idi. Kəlbəcər aydınlığa iki il əvvəl qovuşdu. Çox sevinirəm ki, yenidən öz yurduma ayaq basa biləcəyəm. Allahdan arzum idi ki, ölməyib bu günləri yenidən yaşayım", - A.Əliyev deyib.

Kəlbəcər sakini bildirib ki, 2020-ci ilin payızında - şanlı Zəfərdən sonra mənəvi rahatlıq tapıb.

"Torpaqlarımız düşmən işğalından azad edildi. İşğalçıları torpaqlarımızdan qovarkən neçə-neçə qəhrəman vətən oğlunu itirdik. Bütün bunlara baxmayaraq, biz torpaqlarımızı azad etdik. Şəhidlərimizin ruhu şaddır. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdaram. Hər günü bir tarix olan 44 gün ərzində alnımızdakı damğa silindi. Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir. Biz öz doğma torpaqlarımızı yenidən dirçəldəcək və əvvəlki kimi canlandıracağıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən 2 il ötür.
Trend-in məlumatına görə, 10 Noyabr bəyanatına əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.

Ermənistan Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin 71 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir.