Təhsil kreditləri necə verilməlidir? Hadisə

Təhsil kreditləri necə verilməlidir?

Samir Əliyev: "Təhsil kreditləri dövlət proqramı əsasında verilməlidir"
Uzun müddətdir müzakirə olunan, amma öz həllini tapmayan təhsil kreditləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Amma bu dəfə fərqli formada.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri siyahısında millət vəkilləri Əli Məsimli ilə Vahid Əhmədovun hazırladıqları "Təhsil kreditləri haqqında" qanun layihəsi yenə yoxdur.
Layihənin müəlliflərindən biri olan Əli Məsimli deyib ki, təhsil kreditləri ilə bağlı məsələ tez-tez gündəmə gəlir: "Azərbaycan cəmiyyətinin, xüsusən də tələbə gənclərin uzun müddətdən bəri səbirsizliklə gözlədiyi məsələlərdən biri də "Təhsil kreditləri haqqında" qanunun qəbul edilməsidir. Bunu nəzərə alaraq biz, deputat həmkarım Vahid Əhmədovla birlikdə qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etdik. Lakin layihənin İqtisadi siyasət komitəsindəki müzakirəsindən iki il keçməsinə baxmayaraq, bu qanun hələ plenar iclasa çıxarılmayıb. Halbuki maddi imkanları aşağı olan ailələrdən çıxan gənclər üçün belə kreditlərin aşağı faizlə əldə edilməsi olduqca zəruridir. Düzdür, hazırda Azərbaycanda banklar təhsil kreditləri verirlər, lakin onların müddəti az, faiz dərəcələri isə olduqca yüksək olduğundan onu qaytarmaq çox çətindir. Minlərlə tələbə təhsil haqqını ödəmək imkanının olmamasına görə akademik məzuniyyət alır və ya öz ərizəsi ilə universitetdən xaric edilir. Bu minlərlə gəncin təhsil almaq arzusundan məhrum olması deməkdir. Məhz bütün bunlara son qoyulması üçün "Təhsil kreditləri haqqında" qanunun qəbulunu vacib sayırıq. Əgər nəzərə alsaq ki, təhsil kreditləri məsələsi artıq Azərbaycan prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb, onda "Təhsil kreditləri haqqında" qanunun qəbulunu sürətləndirilməsinin zəruriliyi öz-özlüyündə aydın olur. Ona görə də biz İqtisadi siyasət komitəsinin iclasında Milli Məclisin 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən "Təhsil kreditləri haqqında" qanun da həmin plana salınması və qəbulunun sürətləndirilməsi təklifi ilə çıxış etdik".
Millət vəkili Vahid Əhmədov qanun layihəsinin müzakirəyə çıxarıla bilməməsində bankların da rolunun olduğunu deyib: "Komitənin iclasında təhsil krediti ilə bağlı məsələyə toxundum. Qanun layihəsində bu məsələyə yenidən baxmaq lazımdır. Hələ ki müsbət qarşılanıb. Prezidentin qəbul etdiyi sərəncamda təhsilin kreditlə təmin olunmasında məsələ öz həllini tapır. Həmçinin, bu qanunun müzakirəyə çıxarılmasına banklar da mane olur. Çünki orada güzəştli kreditlərdən söhbət gedir. Məhz güzəştli kredit məsələsinə görə banklar layihənin qəbul olunmasını istəmirlər. Çünki ziyan görə bilərlər. Biz belə hesab edirik ki, təhsil strateji sahə olduğundan orda istənilən insan kimliyindən asılı olmayaraq, onu başa düşməlidir. Biz o qanunun qəbul edilməsinin tərəfdarıyıq. Bununla yanaşı, komitədə məsələ də qaldırmışıq. Yəqin ki, bu məsələyə bir də qayıdacağıq".
Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdirinin müavini Yaqub Piriyev mətbuata açıqlamasında bildirmişdi ki, ki, Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil: "Bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur. Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması məsələsi barədə danışan Avropa Kredit Transfer Sistemi (AKTS) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempi, həmdə ödəmə imkanları sinxronlaşacaq". Yaqub Piriyevin sözlərinə görə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq: "Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaq. Bu tədris prosesinin yenidən qurulması, maliyyələşdirmə mexanizminin yaradılması və insan resursları imkanlarının artırılmasına ehtiyac yaradacaq. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcək. Bu mexanizm ömür boyu təhsil və tədrisin iş bazarı ilə əlaqəsini daha da möhkəmləndirəcək". Nazirlik rəsmisi qeyd edib ki, ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir. Onun sözlərinə görə, bu baxımdan ali təhsilin idarə olunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir.
Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bu məsələni dəfələrlə gündəmə gətirib.
BAXCP bunnula bağlı proqram işləyib hazırlayıb. Partiya sədri və prezidenrtliyə namizəd Qüdrət Həsənquliyevin platformasında da bu məsələ yer almışdı: "Uşaqlarının təhsil haqqını ödəyə bilməyən imkansız ailələr üçün də uzunmüddətli təhsil kreditləri olacaq. Bu kreditlər ən azı 25 il müddətinə veriləcək. Tələbələr sonradan, işlədiyi dövr ərzində bu kreditləri qaytaracaqlar. Bu da stimul verəcək ki, həmən tələbələr daha yaxşı oxusunlar, yaxşı mütəxəssis olsunlar və gələcəkdə yüksək əməkhaqqı olan işlərdə çalışsınlar ki, bu vəsaiti qaytarsınlar".
Qeyd edək ki, Vahid Əhmədovun bankların bu işdə maraqlı olmaması ilə bağlı açıqlamasına "Unibank" da münasibət bildirib. Bankdan bildiriblər ki, belə bir qanun layihəsinin müzakirəsinə banklar da dəvət olunmalıdır: "Qanun layihəsinin müzakirəsi zamanı banklar öz fikir və təkliflərini bildirəcək. Biz "Unibank" olaraq bu qanunun qəbuluna etiraz etmirik. Qanun layihəsinin müzakirəsi zamanı bizim bankı da dəvət etsələr, səlahiyyətli şəxs hansı faiz dərəcəsinin sərf edib-etməməsi barədə öz fikrini bildirəcək".
İqtisadçı-ekspert Natiq Cəfərli "Bakı-Xəbər"ə açıqlamasında qeyd edib ki, prosesin real həlli üçün kommersiya banklarında ona maraq yaradılmalıdır: "Təhsil krediti məsələsinin öz həllini tapması üçün yalnız qanunvericiliyin formalaşması kifayət etmir. Bununla yanaşı, kommersiya banklarına da həmin istiqamətdə xüsusi dəstəyin verilməsinə ehtiyac var. Təhsil kreditləri güzəştli kreditlərdir. Bu səbəbdən də birmənalı şəkildə kommersiya bankları da həmin krediti verməkdə maraqlı olmalıdır. Bu baxımdan ya dövlət təhsil kreditinin verilməsi üçün vəsait ayırmalı, ya da bu istiqamətdə işləyəcək kommersiya banklarına müəyyən güzəştlər edilməlidir. Kommersiya bankları da məhz həmin güzəştlərdən faydalanmaqla təhsil kreditinin verilməsində maraqlı olar. Təhsil krediti haqqında qanunun qəbul edilməsilə yanaşı, qanunvericilik aktının işləməsi üçün real mexanizmlər də göstərilməlidir. Real mexanizmlər olmadan bu qanunun işlək vəziyyətə düşməsi mümkünsüzdür. Ona görə də bu sahədə qaranlıq məqamlar təhsil kreditinin verilməsində dövlətin rolu və kommersiya banklarının cəlb olunması üçün onların prosesə stimullaşdırılması məsələsilə bağlıdır. Banklar bu prosesə stimullaşdırılmadığı halda, təhsil kreditinin verilməsinə yaxın belə düşməyəcək. Maraqlı olsalar da, belə kommersiya banklarının təklif etdiyi təhsil krediti tələbələr üçün heç də əlçatan olmayacaq. Çünki kommersiya bankları yalnız o halda daha əlçatan və daha aşağı faizli təhsil krediti verir ki, bu zaman onların xərcləri müəyyən qədər aşağı düşsün. Ona görə də prosesdə ilk öncə dövlətin rolunun müəyyənləşdirilməsinə ehtiyac var. Belə olarsa, prosesin həllində yaşıl işığın yandığını görərik".
İqtisadçı ekspert Samir Əliyev isə "Xalq Cəbhəsi"nə açıqlamasında bildirdi ki, təhsil kreditləri zəruri məsələdir: "Bura təhsil haqqının ödənilməsi, yaldığı yer, ümumiyyətlə yaşaması üçün lazım olan xərclər daxildir. Təhsil kreditlərinə ehtiyac var, amma burada bir çox problemlər ortaya çıxır. Bu vaxta qədər tətbiq edilən bütün kredit növlərinin heç biri gözlənilən qədər uğur qazanmayıb. Təhsil kreditinin də tətbiqinin uğur qazanacağı şübhə doğurur ki, bunun da sadə bir səbəbi var. Səbəb də ondan ibarətdir ki, Azərbaycanda kredit faizləri həddindən artıq yüksəkdir. Ona görə də burada mütləq dövlət poroqramı olmalıdır. Bu proqrama əsasən də təhsil kreditləri verilməlidir. Banklar bu krediti verəcəklərmi, onların resursu varmı? Təbii ki yox. Təhsil krediti o demək deyil ki, krediti alandan bir ay sonra onu qaytarmağa başlayırsan. Təhsil aldığın müddətdə sən bu ödənişdən azad olunursan. Təhsilini başa vurub, işləməyə başlayandan sonra həmin krediti ödəməyə başlayırsan. İndi adı təhsil krediti qoyulan kreditlər təhsil krediti deyil. Sadəcə bu kampaniyanın adı təhsildir. Bu adla verilən krediti gələn aydan qaytarmağa başlayırsan. Amma əslində belə olmamalıdır. Burada həm də iş məsələsi ortaya çıxır. Bu gün nə dərəcədə dayanıqlı iş var? Bank krediti verəndə əmin olmalıdır ki, müştəri iş tapa biləcək və krediti qaytaracaq. Burada gözləmə müddəti var ki, banklar o müddəti gözləməyəcəklər. Həm də bank faizləri həddindən artıq yüksəkdir. Fikrimcə bu məsələlər öz həllini tapmalıdır. Bu məsələlər həllini tapmadığı müddətdə təhsil kreditlərindən danışmaq hələ tezdir. Qonşu Rusiyada bu kredit növü var və mənə elə gəlir ki, bu proqramı həyata keçirmək mümkündür".

Əli