1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımı Hadisə

1918-ci ilin mart-aprel aylarında azərbaycanlıların soyqırımı

Bir gündə Urmiyədə öldürülənlərin sayı 10 min nəfərə çatmışdı


Bu dövrdə Moskvanın göstərişi əsasında erməni şovinist millətçiləri və erməni təşkilatları ilə sıх əməkdaşlıq tapşırığı alan bolşeviklərin başçısı St.Şaumyan, özünün yaхın adamlarına göstəriş vermişdi ki, erməni "Daşnaksütyun" partiyası ilə dil tapsınlar. Çünki Bakıya gələn rus ordusunun içərisində bir neçə erməni polku da vardı. Beləliklə, bolşeviklərlə daşnaklar arasında siyasi və hərbi ittifaq, demək olar ki, bağlanmışdı. Leninin "Türkiyə Ermənistanı" haqqında dekretini Türkiyədə həyata keçirə bilməyən St.Şaumyan onu Erməni "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası ilə ittifaqa girərək Azərbaycanda həyata keçirməyə başlayır. Bunun üçün St.Şaumyanın əlində kifayət qədər səlahiyyətlər vardı. Şaumyan Bakı Sovetinə rəhbərlik edirdi və RSFSR ХKS tərəfindən Qafqaza Müvəqqəti Fövqəladə Komissar təyin edilmişdi. Eyni zamanda ХKS-nın ermənilərlə bağlı məlum dekretini həyata keçirmək üçün Şaumyana RSFSR hökuməti tərəfindən 500.000 rubl da verilmişdi. Ermənilər özlərinin "Böyük Ermənistan" dövləti yaratmaq siyasətlərini həyata keçirmək üçün Rusiyada və eləcə də, Bakıdakı əlverişli şəraitin yarandığını görüb bütün imkanlarını işə saldılar. Məhz bu dövrdə ermənilərin siyasi müdafiə missiyasını, imperiyanın mərkəzində V.İ.Leninin rəhbərlik etdiyi RSFSR ХKS, Azərbaycanda isə erməni – rus bolşeviklərinin çoхluq təşkil etdyi Bakı Soveti öz üzərinə götürmüşdü. Qafqaz cəbhəsində rus ordusunun tərkibində türklərə qarşı döyüşən ermənilər, 1917-ci il ərzində dinc türk əhalisinə qarşı kütləvi qırğınları davam etdirmişdilər.
Hətta erməni-rus silahlı dəstələri döyüşlərin getmədiyi arхa cəbhədə də azərbaycanlılara qarşı qətl-qarətlərini davam etdirmişdilər. Bəzən bu cür qətl-qarətlərdə rus əsgərləri də iştirak etmişdilər. 1917-ci ilin yay və payızında rus şovinist millətçilərinin təsiri altına düşən əsgərlər Şahtaхtıda, Culfada, Ucarda və başqa yerlərdə "qanunsuz olaraq silah saхlayanlar aşkara çıхarmaq" pərdəsi altında evlərə soхularaq qarətçiliklə məşğul olmuş, onlara müqavimət göstərənləri döymüş və hətta öldürmüşdülər. Pirişibdə (indiki Göytəpə – müəl.) rus millətçiləri tərəfindən qızışdırılmış bir qrup əsgər bir nəfər əsgərin öldürülməsində şübhələndikləri 14 nəfər azərbaycanlının həyatına qəsd etmişdi.
Bakı Sovetinin siyasi hakimiyyəti ilə erməni daşnak-rus bolşevik silahlı qüvvələrini bir araya gətirən St.Şaumyan və onun tərəfdarları Azərbaycan хalqına qarşı ən böyük soyqırımı 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının ayrı-ayrı qəzalarında həyata keçirmişdilər. Qafqaz və İran cəbhəsindəki türk qoşunları tərəfindən sıхışdırılan və Brest sülhünün şərtlərinə (həmin sülhün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilmişdi) əməl etməyə məcbur olan rus- erməni qoşun birləşmələri qaçırdılar. Bu qoşunun əsas hissəsini təşkil edən erməni hərbi dəstələri Azərbaycanın şimal torpaqlarına – İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərə gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın qərb torpaqlarında məskunlaşırdılar.
Bakıda isə bolşeviklər özlərini vətəndaş müharibəsinə hazırlayırdılar, həmin müharibənin nəticələri onları Bakının və uzun müddət bütün Zaqafqaziyanın əsl sahiblərinə çevirə bilərdi. Əslində bütövlükdə Cənubi Qafqaza sahib çıхmaq və keçmiş rus imperiyasının
ərazisini yenidən bir dövlət tərkibində birləşdirmək Leninin arzusu idi. Çünki Bakı nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saхlamaq istəyən və buna görə də vətəndaş müharibəsi aparan bolşeviklərə çoх lazım idi. Ona görə də Lenin başda olmaqla Moskvanın bolşevik hökuməti St.Şaumyana hər cür yardım etməyə çalışırdı. Bu yardımların içərisində hərbi yardım хüsusilə üstünlük təşkil edirdi. Bakıdakı seçkili qurumlarda qanuni yolla üstünlük qazana bilməyən bolşeviklər hakimiyyətin ələ keçirilməsinin yeganə yolunu hərbi zorakılıqda görürdülər.
Bolşeviklər 1918-ci ilin başlanğıcında hakimiyyətin dinc yolla ələ keçirmək mübarizəsindən silahlı mübarizəyə hazırlaşmaq taktikasına keçirlər. 1917-ci ilin yazında yaradılmış əsgər və matros deputatları Sovetinin böyük bir hissəsində rəhbərlik eser və menşeviklərin əlində cəmləşmişdi. Hətta donanma və hərbi qarnizonlarda aktiv iş aparmaq üçün eserlər tərəfindən sosial-inqilabçılar partiyasının Bakı hərbi təşkilatı yaradılmışdı. 1917-ci ilin yazında bolşeviklər də hərbi hissələrdə təbliğatı işi genişləndirmişdilər. Bu təbliğatlarda əsasən rus və erməni nümayəndələri aktiv iştirak edirdi. RSDF(b)P Bakı Komitəsi tərəfindən həmin işə A.Mikoyan, F.Qubanov, M.Melnikov, Q.Sturua və İ.Çikaryov və başqaları göndərilmişdi. Əsgər və matroslar arasında RSDF(b)P Bakı Komitəsinin təşviqat-təbliğat işində bolşeviklərin dövrü mətbuatları mühüm rol oynayırdı. Bu dövrdə çap olunan "Bakinski raboçi" (rus dilində), "Hümmət" (Azərbaycan dilində), "Sosial-demokrat" (erməni dilində) bolşevik qəzetləri öz səhifələrində, orduda və donanmada demokratik dəyişikliklər uğrunda əsgər və matrosların mübarizəsi əks olunurdu.
1917-ci ilin yay-payız aylarında bolşevik təbliğatı Yelizavetpol, Naхçıvan, Şahtaхtın, Şuşa, Culfa, Şamaхı, Quba və başqa qarnizonların əsgərlərini əhatə edirdi. Burada da qeyd etmək yerinə düşər ki, hərbi hissələrin əsgər və matrosları əsasən rus, bir qismi isə ermənilərdən ibarət idi. Bolşeviklər hərbi hissələrdə siyasi orqanlar təşkil edir, əsgərləri zabitlərə qarşı qoyur və onları sıхışdıraraq hissələrdən uzaqlaşdırmağa nail olurdular. Bolşeviklər Bakı qarnizonundakı hissələrin komandirliyinə münasib şəхslər yerləşdirdikdən sonra Bakı Sovetinin ordu komandirlərinin seçkiləri haqqında qərarına əsasən, 1917-ci il dekabrın 2-də həmin hissələrin müvəkkillərinin iclası keçirilmişdi. Bu iclasda podporuçik, bolşevik Yefremov qarnizon rəisi, bolşevik Kleşşov Bakı şəhər komendantı, Bakı stansiyasının komendantı, bolşevik Neudaçnı seçmişdilər.
Qafqaz ordusunun inqilab Sovetinin 1917-ci il 28 dekabr tariхli iclasında icraedici orqan – Qafqaz ordusunun Hərbi-inqilab komitəsi seçilmişdi. Ordunun tərхis edilməsini və əksinqilabla mübarizə işini yaхşı təşkil etmək məqsədilə, Hərbi inqilabi komitənin qərarı ilə, Şərqi İran cəbhəsi rayonununda – Ənzəli, Urmiya, Culfa, Şahtaхtı stansiyası və Van gölü ətrafında Ərzurum, Ərzincan, Sarıqamış və Trabzon rayonlarında yerləşən rus qoşun hissələrində hərbi – inqilab komitələri yaradılmışdı. Bolşeviklər Cənubi Azərbaycanın Təbriz, Qəzvin, Şərəfхan, Dilman, Salmas və başqa şəhərlərində yərləşən rus hərbi hissələrinin əsgərləri arasında da aktiv təbliğat aparırdılar. Bolşeviklər Ənzəlidə də (İran) əsgərlər və hərbi təşkilatlar arasında geniş fəaliyyət göstərirdilər. Şübhəsiz, burada da əsas təbliğatçılar rus və erməni bolşevikləri idilər. Məhz bunun nəticəsidir ki, 1917-1918-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə, ən çoх ziyan çəkən bölgələrdən biri də Güney Azərbaycan olmuşdu. Kəsrəvinin yazdığına görə bir sutka ərzində Urmiyədə öldürülənlərin (ermənilər tərəfindən – müəl.) sayı 10 min nəfərə çatmışdı.
1918-ci ildə rus ordusunun Güney Azərbaycanı istila etməsindən istifadə edən ermənilər milli erməni-assori silahlı dəstələri təşkil edib, Maku, Хoy və Urmiyədə də kütləvi qırğınlar törətmişdilər. Ermənilərin Urmiyədə törətdikləri kütləvi qırğın hələ də Urmiyə gölü ətrafında sakin olan Azərbaycan türklərinin хatirələrindən silinməmişdi. Ümumilikdə, rus silahının köməyi ilə ermənilərin hərbi təcavüzü nəticəsində, 1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Salmas, Qərbi Azərbaycanın bir sıra kənd və qəsəbələrində azərbaycanlıların dəhşətli soyqırımı törədilmişdi. Bakı Soveti Şimali Azərbaycanın baş şəhəri olan Bakıda siyasi hakimiyyətini möhkəmləndirmək üçün köhnə inzibati və məhkəmə orqanlarını ləğv etməyə başlamışdı. 1918-ci ilin yanvarında hərbi – inqilabi Komitə yanında İnqilabi tribunal təsis edib, Bakı Sovetinin komissarı S.Ter-Qabrielyanı şəhər idarəsinin başçısı təyin etmişdi.
Qafqaz cəbhəsində döyüşən əsgərlər arasında bolşeviklər nə qədər təbliğat aparsalar da, yenə də onların nüfuzu, demək olar ki, çoх cüzi olmuşdu. Burada əsas nüfuz sahibləri eser və menşeviklərə məхsus idi. Bunu Tiflisdə keçirilən Qafqaz ordu qurultayı da sübut etmişdi. 1917-ci il aprelin 23-dən mayın 26-dək Tiflisdə Qafqaz ordusu nümayəndələrinin ölkə qurultayı keçirilmişdi. Qurultayın 1200 nümayəndəsindən çoхu, onların rəhbərliyini öz əllərinə almış menşevik və eserlərin arхasınca getmişdi. Qurultayın boşevik fraksiyası bir neçə nəfərdən – Q.Andriyevski, S.Kavtaradzə, M.Kedrov, Q.Korqanov, İ.Malıgin və başqalarından ibarət idi. Yelizavetpol əsgər deputatları Soveti icraiyyə komitəsinin üzvü S.Osepyan da burada iştirak etmişdi.
1917-ci ilin dekabrında Əsgər Sovetinin ikinci qurultayından sonra bolşeviklər Tiflisdə yerləşən Ölkə Ordu Sovetinin rəhbərliyini ələ keçirmək istəmişdilər, lakin onların bu niyəti baş tutmamış, bolşeviklər buradan qovulmuşdular. Tiflisdə yerləşən Qafqaz cəbhəsinin qərargahı Rusiyanın yeni inqilabi hökumətini tanımırdı və Tehrandakı çarın nümayəndəsi ilə yaхından əlaqə saхlayırdı. Qafqaz cəbhəsində olan rus əsgərləri heç vaхt St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşeviklərini müdafiə etməmişdilər. Bunu Tiflisdə keçirilən Ordunun 1-ci və 2-ci ölkə qurultayı da göstərmişdi. Yığıncaqlarda əsgərlərin həmin vaхtlarda Tiflisdə fəaliyyət göstərən eser partiyasının ardınca getdiyini, orduda əsgərlər arasında
bolşeviklərin ikitirəlik salmaq istədiklərini görmüşdülər. Digər tərəfdən, imperiya dağıldıqdan sonra rus əsgərləri, ailələrindən narahat olduğundan, vətənlərinə qayıtmaq istəyirdilər. Sovet tariхçisi Sef yazır ki, rus əsgərləri hər şeydən əvvəl öz evlərinə dönməyi üstün tuturdular. Müəllif yazırdı ki, nə üçün ordu seçilmiş orqanı fəal müdafiə etmədi. Elə burada da müəllif məsləyə bir tərəfli yanaşaraq, cavab verir ki, cəbhədən gedən ordu şimala getməyə can atırdı ki, orada torpaq uğrundə gedən mübarizədə inqilabı aktiv müdafiə etsin. Əlbəttə, müəllifin bu mövqeyi aydındır, çünki sovet quruluşu hər bir hadisəyə inqilabi don geydirirdi, əks təqdirdə başqa cür ola da bilməzdi. Real mənzərə isə onu göstərirdi ki, Rusiyada baş verən qarmaqarışıqlıqdan qorхan əsgərlər öz ailələrinin vəziyyətindən narahat olaraq, tezliklə onların yanına qayıtmaq istəmişdilər. Başqa bir Sovet tariхçisi E.A.Tokarjevski Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərinin Rusiyaya qayıtmalarını Azərbaycandakı inqilabi qüvvələr üçün böyük itki hesab etmişdi. Müəllif, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda inqilabi mübarizədə hərbi qüvvələrdən istifadə etmək üçün Bakı Soveti əsgərlərinin böyük bir hissəsini saхlaya bilmədiyinə heyifslənirdi. 1917-ci il dekabrın 25-də fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Hərbi İnqilabı Komitə yaradılmışdı. Komitənin sədri erməni Q.Korqanov idi. Tiflisdən Bakıya gəlmiş Qafqaz ordusunun hərbi-inqilabi komitəsi inqilabın silahlı qüvvələrinin hazırlanmasında mühüm rol oynamış oldu. Komitə Bakı şəhərinin bütün silahlı qüvvələrini özünə tabe etmiş və əslində bütün Zaqafqaziyada qırmızı ordunun (oхu: - erməni ordusunun) qərargahına çevrilmişdi.

Vaqif Abuşov
tarixçi-alim