“Azərbaycan Ordusunda xidmət etmək istəyirik” Hadisə

“Azərbaycan Ordusunda xidmət etmək istəyirik”

Cənubi Azərbaycan gəncləri Prezident İlham Əliyevə müraciət ediblər

Cənubi Azərbaycanda yaşayan çoxlu sayda soydaşlarımız Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Urmiya universitetinin tələbələri və müxtəlif şəhərlərin, o cümlədən Təbriz, Urmiya, Zəncan, Ərdəbil, Muğan, Salmaz, Qoşa Çay, Sulduz, Əhər və digər bölgələrin gəncləri İranda populyar olan "Teleqram" sosial şəbəkəsində bəyanat yayıblar.
Bəyanatda bildirilir: "Qarabağda işğalçı Ermənistan dövlətinə qarşı gedən savaş üçün bizi də hərbi xidmətə qəbul edin. Siz hər zaman bildirmisiz ki, Vətənin hər bir bölgəsinin müdafiəsi hər bir azərbaycanlının məsuliyyətidir və Azərbaycan dövləti bütün azərbaycanların dövlətidir. Siz hər zaman özünüzə "50 milyon Azərbaycanlının prezidentiyəm" demisiniz və milli düşmənlərimizə qarşı apardığınız siyasi xəttiniz ortadadır. Bizim üçün müqəddəs Azərbaycan bayrağının Quzey Azərbaycanda dalğalanması və Vətənimizin quzeyinin müstəqil olması və inkişaf etməsi ən sevindirici haldır.
Möhtərəm Prezident! Qarabağda Azərbaycan Milli Ordusunun qələbəsi bizi sevindirir, çünki Qarabağ hər bir azərbaycanlının doğma torpağıdır. Amma bir tərəfdən də, bu müharibədə bizim rolumuz olmadığı üçün və bu savaşda bir əsgər kimi savaşa bilmədiyimiz üçün narahatıq. 50 milyon Azərbaycan türkünün Prezidenti kimi Güney Azərbaycan gənclərini də bu müqəddəs savaşda əsgər kimi Azərbaycan milli ordusunda xidmətinin qəbul edilməsinə sərəncam verin ki, bizdə borcumuzu vətənimiz Azərbaycana görə ödəyə bilək".