Ermənilərin növbəti uğursuzluğu Hadisə

Ermənilərin növbəti uğursuzluğu

Aprelin 8-də Avstraliyada yaşayan ermənilərin Azərbaycanın Kanberradakı səfirliyi qarşısında mitinq keçirmək cəhdi uğursuzluqla nəticələnib. Bu barədə "The Camberra Times" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 8-də Azərbaycanın Kanberradakı səfirliyi yaxınlığında 150-dək nümayişçi toplaşıb. Ermənilərin son günlər Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yaranmış gərginliklə bağlı təşkil etmək istədiyi mitinqə Avstraliyada yaşayan azərbaycanlılar böyük mütəşəkkiliklə cavab veriblər. Mitinqçilər arasında qarşıdurmanın baş verməməsi üçün federal polisin əməkdaşları burada yerləşdirilib, nəqliyyatın həmin istiqamətdə hərəkəti dayandırılıb. Əllərində Azərbaycanın bayraqlarını dalğalandıran azərbaycanlılar ermənilərə səfirliyə yaxınlaşmağa imkan verməyiblər. Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Həcər Qoç bildirib ki, vəziyyət nə qədər gərgin olsa da, onlar ermənilərin hay-küyünə lazımi səviyyədə cavab veriblər. Saylarını çox göstərmək istəyən ermənilər mitinqə özləri ilə balaca uşaqları və yaşlı qadınları belə gətirməkdən çəkinməyiblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını sitat gətirən qəzet bildirir ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərinin və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə məcburi cavab tədbirləri görüb.