

Qoşulmama Hərəkatı dünyada sülhün və stabilliyin təmin edilməsində özünəməxsus rola malikdir.
APA xəbər verir ki, bunu Misir Xarici İşlər Şurasının sədri, Misirin sabiq XİN rəhbəri Mohamed Abd El-Hay Al-Orabi Bakıda keçirilən "Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı simpoziumda çıxışı zamanı deyib.
"Dünyanın, planetimizin çətin dövrlərindən birini yaşayırıq. Mən bunu belə təsvir edərdim ki, hazırkı dövrdə hamımız dalğalı, təlatümlü dənizdə üzən gəmidəyik.
Ukraynada baş verən hadisələri hər birimiz görürük. Şübhəsiz ki, Rusiyanın Ukraynada başladığı müharibə özü ilə bir çox çətinliklər gətirdi ki, bu çətinliklər təkcə həmin regionda deyil, demək olar bütün dünya ölkələrində hiss olunur. Dünyanın təhlükəsizlik strukturunda dəyişikliklər baş verib, bir sıra ölkələr qida çatışmazlığı təhlükəsi ilə üzləşib, miqrasiya problemləri yaşanır və s”, - Mohamed Abd El-Hay Al-Orabi deyib.
O, ümid ifadə edib ki, dünya ölkələri birlikdə yaranan mürəkkəb vəziyyətdən çıxış yollarını işləyəcək, sülh olacaq və dünya daha da gözəlləşəcək.
“Qoşulmama Hərəkatı dünyada sülhün və stabilliyin təmin edilməsində özünəməxsus rola malikdir. Bu səbəbdən düşünürəm ki, təşkilatın və onun strukturlarının fəaliyyətini daha da genişləndirilməklə daha yüksək nəticələr əldə edə bilərik", - deyə diplomat əlavə edib”.