Birlik bölgələrdə monitorinqlərə başlayır Hadisə

Birlik bölgələrdə monitorinqlərə başlayır

BAXCP sədrinin müavini, "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı 4 rayonda gənclərin işsizlik vəziyyəti ilə bağlı monitorinq keçirəcək.
Bu barədə BayMedia-ya Niyaməddin Orduxanlı özü məlumat verib. Onun sözlərinə görə, birlik Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İsmayıllı, Oğuz, Zaqatala və Qax şəhərində gənclərin işsizlik vəziyyətinin öyrənilməsinə dair alternativ monitorinqin keçirilməsi layihəsinin icrasına başlayır:
"Layihənin əsas məqsədi gənclərin işsizlik vəziyyətinin öyrənilməsi, gənclərin iş tapa bilməməsini yaradan səbəbləri öyrənmək, gəncləri peçə və ixtisas seçimində düzgün istiqamətləndiməkdir. Ölkədə gənclərin məşğulluğu əlaqədər qurumlar, habelə Gənclər və İdman Nazirliyinin də qəbul etdiyi prioritet proqramlardan biridir. Bununla bağlı ekspertlər, işsiz gənclər, işəgötürənlər, müvafiq dövlət qurumlarının müxtəlif yanaşmaları mövcuddur. Bu müxtəlif yanaşmalar gənclərin işsizlik probleminin yaranma səbəblərini müxtəlif şəkildə də qiymətləndirirlər.
Gənclərin işsizlik probleminin yaranma səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar: Gənclərin ixtisas bilikləri, digər bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğun olmaması, informasiya çıxışlarının zəif olması, işsizlərin seçimi və karyera məsələsinə münasibəti, gender problemləri və mental faktorlar və təhsil səviyyəsinin aşağı olması.
Bizim təşkilat adı çəkilən rayonlarda 15-29 yaş qrupunu əhatə edən işsiz gənclərlə sorğu keçirəcək. Sorğu hər bir rayonda 100 nəfəri, bütövlükdə isə 400 nəfəri əhatə edəcək".
Niyaməddin Orduxanlı deyib ki, bir QHT kimi layihənin sonunda hazırlanan hesabat nəticəsində gənclərin işsizlik probleminə yönəlmiş alternativlərin daha asanlıqla müəyyən olunmasına çalışırlar.