"Taksi sahəsində qaydalar bərpa olunmalıdır"-ekspert Hadisə

"Taksi sahəsində qaydalar bərpa olunmalıdır"-ekspert

"Taksi sahəsində qaydalar bərpa olunmalıdır". Bunu "Xalq Cəbhəsi"nə nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı müzakirələrə münasibətində deyib.

O, qeyd edib ki, bu, çox həssas mövzudur: "Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu məsələni detallı şəkildə araşdıraraq fikirlərini çatdırıb. Onun taksi fəaliyyətləri ilə bağlı verdiyi müsahibəni oxudum. Gördüm ki, cənab nazir prosesləri tam təhlil edib, təcrübəyə əsasalanaraq, yerli vəziyyəti tam təhlil edərək vəziyyətlə bağlı dəyərləndirmələrini edib. Burada təhlükəli heç bir məsələ yoxdur. Vətəndaşlarımız başa düşməlidir ki, taksi bir xidmət növüdür. Bərbər, dərzi xidmətlərindən olduğu kimi taksi xidmətindən də istifadə edirik. Taksi ictimai nəqliyyatın lüks formasıdır. Doğrudur, son dövrlər elə hadisələr baş verir ki, adam "lüks" sözünü işlətməyə çəkinir. Taksi xidmətindən istifadə edən hər kəs öz narazılığını ifadə edir. Biri “qiymət düzgün hesablanmadı”, digəri “sürücü nalayiq fikirlər səsləndirdi”, başqa biri “pis-pis təkliflər etdi” deyir. Ağla gələn ən biabırçı nə varsa, hamısı bizim taksi xidmətində özünü göstərir. Azərbaycanda 80 minə yaxın taksi sürücüsü fəaliyyət göstərir. Onlardan bu gün yalnız 5-6 mini fərqlənmə nişanı alır. Sual olunur ki, niyə bunlar vergidən yayınmalıdır? Dövlət ödənişlərindən yayınırlar. İstənilən halda bu fərdi sahibkarlıq növüdür və qaydalar bərpa olunmalıdır”.

Əli