Uşaqlar üçün “Disney” multimedia şousu təqdim olunub Hadisə

Uşaqlar üçün “Disney” multimedia şousu təqdim olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində müasir dövrümüzün ən peşəkar və virtuoz yaradıcı kollektivi olan, hər zaman ilklərə imza atan, “Art-East Media Group”un brendi “Avanqard” kamera orkestrinin təqdimatında nağıl və ən məşhur cizgi filmləri qəhrəmanlarının “Disney” multimedia şousu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Disney” multimedia şousu özündə bir çox texniki element və bədii həlləri, eləcə də xüsusi effektləri ehtiva edən vahid bir ssenariyə bağlanan, həmçinin şounun bütün elementlərinin ümumi vizual məkanda təcəssüm etdiyi konseptual bir səhnə əsəridir.

Şouda canlı və əsrarəngiz musiqi sədaları altında tamaşaçılarla məşhur qəhrəmanlar arasında təmas yaradılaraq, seyirçilərə nostalji və sehrli anlar yaşadılıb. “Disney” multimedia şousu xüsusi işıqlandırma, musiqi, video kontent, xüsusi effekt, musiqiçi və sənətçilərin perfomanslarının sinxronlaşdırıldığı son illərin ən parlaq və valehedici tamaşasına çevrilib.

İki seans və anşlaqla keçən şou həm uşaq və yeniyetmələrdə bədii zövqün formalaşmasına, eyni zamanda, onların asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşlərinin genişlənməsi və bədii-estetik zövqlərinin inkişaf etdirilməsinə yönəldilib.

Tamaşa zamanı peşəkar orkestrin, virtuoz rəqqas-animatorların müşayiəti ilə videoekranda canlanan bədii obrazlar və hadisələr mühüm ictimai missiya qismində tamaşaçıya sevinc, zövq, müsbət emosiyalar bəxş edərək, şounu nəinki uşaqlar, həm də onların valideynləri də böyük maraqla qarşılayıblar.