“Aviasiya haqqında” yeni qanun layihəsinin məqsədləri açıqlandı Hadisə

“Aviasiya haqqında” yeni qanun layihəsinin məqsədləri açıqlandı

Azərbaycanda qəbul edilməsi gözlənilən “Aviasiya haqqında” yeni qanun layihəsinin məqsədləri açıqlanıb.

Trend xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib ki, qanun layihəsi əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır.

Onun sözlərinə görə, sənəddə bütün sahələrdə tam təhlükəsizlik nəzərdə tutulur:

R.Hümbətov bildirib ki, layihədə AZAL-dan başqa, yükdaşıma şirkətləri, xidmət, naviqasiya sahəsi, təhsil müəssisələri və sektorlar da nəzərə alınıb.

“Sual oluna bilər ki, bizdə mövcud qanun vardısa, bu qanunun hazırlanmasına ehtiyac haradan yaranıb? Bu sahədə bütün dünyada tələbləri beynəlxalq mülki aviasiya təşkilatı müəyyən edir. Bütün dünyada hava limanları şəksiz bu tələblərə əməl etməyə çalışır.

Bunun üçün vaxtaşırı auditlər keçirilir. Bizdə də bu həftə auditə başlanılıb. Bu audit zamanı bir sıra nöqsanlar aşkar edilir. Mövcud qanun təəssüf ki, bu audit zamanı ortaya çıxan bütün sualları cavablandırmağa imkan vermir.

Belə halda bütövlükdə qanuna bir sıra fəsillərin yenidən daxil edilməsi, bəzilərinin daha da təkmilləşdirilməsi, xüsusilə mülki pilotsuz uçuş aparatlarının dövriyyəsini tənzimləyən norma və tələblərin müəyyən edilməsi bu qanunda əksini tapıb”, - deyə o əlavə edib.