“Məhv edilmiş türkologiya” Hadisə

“Məhv edilmiş türkologiya”

Türkiyədə repressiyaya məruz qalmış türkoloqlar barədə kitab nəşr edilib

Türk Tarix Qurumunun nəşriyyatı tanınmış Rusiya türkoloqları Fyodr Aşnin, Vladimir Alpatov və Dmitri Nasibovun bir neçə il əvvəl Moskvada çapdan çıxmış "Repressirovannaya tyurkologiya" adlı kitabını "Mahvedilmiş türkoloji" adı ilə türkcə çap edib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, kitabı türkcəyə Kayseridəki Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı tərcümə edib.
Kitabda 1930-cu illərdə Stalin repressiyasına məruz qalmış A. N. Samoyloviç, Y. D. Polivanov kimi rus türkoloqları ilə yanaşı, milliyyətcə yəhudi, özbək qırğız, tatar, Azərbaycan türkü olan alim və yazarlar barədəki istintaq və məhkəmə materialları, DTK raportları öz əksini tapıb. Kitabın Azərbaycanla bağlı bölümündə professor Bəkir Çobanzadə, Qubaydullin, Xalid Səid Xocayev kimi görkəmli alimlərdən əlavə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Səməd Vurğunun da o dönəmin Dövlət Təhlükəsizlik Xidmətində olan qovluqları araşdırılaraq oxuculara təqdim edilib.
"Mahvedilmiş türkoloji" kitabının işıq üzü görməsiylə əlaqədar APA-ya açıqlama verən professor Qafar Çaxmaqlı deyib: "Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Türkiyədə türkologiya elmini yaratmaq və inkişaf etdirmək üçün dəvət etdiyi ilk alim tatar mənşəli professor Rəşid Rəhməti Arat olub. Sovet və türkdilli xalqların türkologiya elminin və ədəbiyyatının 1930-cu illərdə repressiyaya məruz qalmış önəmli nümayəndələri barədə Türkiyədə məlumat az olduğuna görə, mən bu əsəri ruscadan tərcümə etmişəm. Kitabın istər elmi dairələr, istərsə də universitet tələbələri arasında böyük maraq doğuracağına inanıram. Bundan sonrakı dönəmdə də eyni məzmunlu əsərləri türk oxucusuna çatdırmağı düşünürəm".
Qeyd edək ki, 2011-ci ilin payızından Kayseridəki Ərciyəs Universitetində işləyən azərbaycanlı alim Qafar Çaxmaqlıya bu ilin aprelində professor elmi titulu verilib.