Göyçayda avtovağzalın inşası ilə bağlı layihə hazırlanıb Hadisə

Göyçayda avtovağzalın inşası ilə bağlı layihə hazırlanıb

Göyçay rayonunda avtovağzal binasının olmaması sərnişin və sürücülər üçün problemə çevrilib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonda köhnə avtovağzal söküldüyü üçün avtobusların dayanma yeri müvəqqəti olaraq dəyişdirilib. İki ildir ki, Bakı-Şamaxı-Yevlax yolunun kənarında, açıq havada müvəqqəti salınan avtovağzalda sərnişinlər üçün heç bir şərait yaradılmayıb. Sərnişin Bahadur Xəlilov, sürücü Rəhman Azadov və İbad Rəhimov bildirib ki, bu səyyar avtovağzalda oturacaq və gözləmə zalı yoxdur. Onların sözlərinə görə, müvəqqəti salınan səyyar avtovağzal 2 ildən çoxdur ki, insanlara çox aşağı səviyyədə xidmət göstərir.
Səyyar avtovağzalda şəraitin olmaması səbəbindən hər gün 1000-dən çox insan əziyyət çəkir. Köhnə avtovağzalın sökülərək yerində yeni avtovağzalın inşası üçün heç bir işin görülməməsi isə insanların haqlı narazılığına səbəb olub. Rayon sakinləri və qonaqlar deyir ki, avtovağzalın olmaması yay və qış aylarında vəziyyəti daha da acınacaqlı edir. Belə ki, onlar açıq havada avtobus gözləmək məcburiyyətində qalırlar.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov APA-ya bildirib ki, avtovağzal əvvəllər özəl olaraq fəaliyyət göstərib: " Buna görə rayon icra hakimiyyəti bu işlərə nəzarət etmirdi. Avtovağzal rəhbərliyi icra hakimiyyətinə məlumat vermişdi ki, binanı söküb yerində təzəsini tikəcəyik. Söküblər, amma hələ ki, yenisini tikməyiblər. Əlbəttə rayonda avtovağzal olmalıdır. Əvvəllər avtovağzalın tikintisi məsələsi gündəmdə idi, layihə də hazırlanmışdı, sonradan bizə məlum olmayan hansısa səbəbdən ərazidə tikintiyə başlamadılar. Avtovağzal əvvəllər özəl idi, sonradan obyektNəqliyyat Nazirliyi tərəfindən sahibkardan geri alınıb".
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "APA-Economics"ə bildiriblər ki, hazırda Göyçay avtovağzalının inşası ilə bağlı layihə təsdiqlənmə mərhələsindədir. Xidmət gecikmənin olduğunu etiraf edir və bildirir ki, yaxın zamanlarda bu rayonda da yeni avtovağzalın tikintisinə başlanılacaq: "Orada köhnə avtovağzalda söküntü işləri aparılması səbəbindən müvəqqəti olaraq başqa əraziyə köçürülüb. Yaxın zamanda yeni avtovağzalın tikintisinə başlanılacaq".