Ölkədə qızılcaya yoluxma halları artır - RƏSMİ AÇIQLAMA Hadisə

Ölkədə qızılcaya yoluxma halları artır - RƏSMİ AÇIQLAMA

Hazırda ölkədə qızılcaya yoluxma hallarında artım müşahidə edilir.

Trend xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

O qeyd edib ki, son dövrlərdə yoluxma sayında artım bir çox ölkələrdə müşahidə edilir.

"Əsas səbəb kimi peyvənd təqvimi COVID-19 pandemiyası ilə üst-üstə düşən uşaqların peyvənddən kənarda qalması göstərilir. Virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvənddir. Peyvəndlənmə uşaqların həyat sığortasıdır.

Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan xəstələr evdə izolasiya olunaraq sağala bilər. Peyvənd olunmayan xəstələrdə ağırlaşma ola bilər. Valideynlər diqqətli olmalıdır. Ağırlaşma olduqda və hərarət pik həddə çatdıqda ailə həkimlərinə müraciət etməlidirilər. Qızılcanın ağırlaşmasını pnevmoniya kimi görürük", - deyə o əlavə edib.

Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib.

Eyni zamanda, yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb.