“Səfəviləri tariximizdən silməyə çalışırlar” Hadisə

“Səfəviləri tariximizdən silməyə çalışırlar”

Yaqub Mahmudov: "Azərbaycan xalqı sadəcə özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda başqalarını idarə edən, imperiya yaradan xalqdır"

"5 min illik tariximizi daim şimaldan, çənubdan, şərq və qərbdən unutdurmağa çalışıblar. Çox təəssüflər olsun ki, ölkəmizin içində də Səfəvilər dövlətinə qara yaxmağa çalışanlar, Şah İsmayılı bəyənməyənlər, Şah Abbasın bizim dövlət xadimimiz olmadığını sübut etməyə çalışanlar tapılır". Dünən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edən, AMEA Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, professor Yaqub Mahmudov belə deyib. O, Səfəvilər dövlətini şərəf tariximiz kimi dəyərləndirib: "Biz 237 il mövcud olmuş bir imperiya yaratmışıq. Azərbaycan xalqı sadəcə özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda başqalarını idarə edən, imperiya yaradan xalqdır. Məhz Səfəvilər dövləti belə bir imperiyamız idi".
Yaqub Mahmudov Oqtay Əfəndiyevin ilk səfəvi araşdırmaçısı olduğunu qeyd edib: "Oqtay Əfəndiyevin bizim tarix elmi qarşısında xidməti ondan ibarətdir ki, o, Səfəvilərin Azərbaycan dövləti olması barədə ilk monoqrafiyanı 1961-ci ildə rus dilində çap etdirib. Sonradan "Azərbaycan Səfəvilər Dövləti" monoqrafiyası dəfələrlə Azərbaycan dilində çap olundu. Oqtay Əfəndiyev Azərbaycan tarixinə səfəvişünaslıq möhürü vurub". Millət vəkili bildirib ki, bu gün də digər ölkələrdən olan tarixçilər Səfəvilər dövlətini öz adlarına çıxarmağa və ya tarixdən silməyə çalışırlar: "Biz də onlarla mübarizə aparıb, Səfəvilər dövlətinin Azərbaycan tarixində əvəzsiz rolu olduğunu sübut edirik".