ƏHD Partiyası sədrindən bayram təbriki Hadisə

ƏHD Partiyası sədrindən bayram təbriki

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
ƏHD Partiyası sədrinin bayram təbriki ilə bağlı müraciətində deyilir:
“Əziz həmvətənlər,
Sizi Novruz bayramı münasibətilə təbrik edirəm.

Milli adət-ənənələrimizin, xalqımızın folklor və etnoqrafiya elementlərinin böyük bir hissəsini özündə cəmləşdirən, xalqımızın fəlsəfi dünyagörüşünün, Tanrıya, kainata, təbiətə, isanlara bütöv münasibətinin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də bir sıra Şərq xalqlarının deyil, bütövlükdə bəşəriyyətin ən mükkəmməl və ən qədim bayramıdır. Dünya xalqlarında Novruz qədər təbiətlə həmahəng olan, bəşəriyyətin yarandığı gündən bəri onun təbiətin 4 əsas ünsürünə - suya, küləyə, oda, torpağa olan əzəli münasibətini əks etdirən, insana kainatın bir parçası olduğunu xatırladan ikinci bir bayram yoxdur. Bütün bunlar isə xalqımızın nə qədər qədim və böyük tarixə, mədəniyyətə, təfəkkürə sahib olmasının bariz nümunəsidir. Azərbaycan xalqı qədim olduğu qədər də gəncdir, müasirdir, daim yeniləşməyi bacarandır. Bu amil özünü tarixin bütün dövrlərində, milli adət-ənənələrimizdə, inanclarımızda, təfəkkürümüzdə, məişətimizdə də büruzə verib.
Əziz həmvətənlər,
Son
4 il ərzində hər birimizin və təbii ki, ayrılmaz parçası olduğumuz Vətənimizin, bütövlükdə isə bütün bəşəriyyətin həyatında gələcəyimizin, sabahımızın mənzərəsini müəyyənləşdirən çoxsaylı dəyişikliklər baş verib. Pandemiyanın gətirdiyi məhdudiyyətlərdən, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin, separatizmə, özbaşınalığa, terrora son qoyan lokal antiterror əməliyyatının qarışıq duyğularından – kədərdən, ağrıdan, sevinc və qürurdan keçmişik.
Bərqərar etdiyimiz tarixi ədalətə qarşı, az qala bütün dünyanı yanına alaraq savaş açan şərin qarşısında səbrimizlə, əzmimizlə duruş gətirməyi, bir zamanlar bizə əlçatmaz görünən maneələri aşmağı bacarmışıq.
Bizi tarixin bütün sınaqlarından üzüağ çıxaran milli birliyimiz, Vətənə təmənnasız sevgimiz və sədaqətimiz, sarsılmaz iradəmiz sayəsində üçrəngli müqəddəs bayrağımızı Xankəndi də daxil bütün yurd yerlərimizin ən uca zirvələrində qürurla dalğalanır. Bu bayram günlərində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, müqəddəs ruhlarının qarşısında baş əyirik.
Bayramınız mübarək, əziz həmvətənlər! Süfrəniz ruzi-bərəkətli, ocağınız isti, eviniz abad, işiniz avand, canınız sağ olsun!

Elimiz-obamız gülüstana çevrilsin!

Allah Azərbaycanı qorusun!”