Bayılda neft çəni yandı Hadisə

Bayılda neft çəni yandı

Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub

Dünən səhər paytaxtda iritutmlu neft çənində yanğın hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi Bayıl qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən neft çənlərindən birində başlayan güclü yanğınla bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğınsöndürənlər alovun qarşısını alıblar. İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur. Hazırda faktla bağlı araşdırma gedir.
ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb. Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil. Çəndə toplanmış neft isə bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) neft çənində baş verən yanğınla bağlı məlumat yayıb. Məlumata görə, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə çənin içərisində olan neft qalıqları yanıb, yüksək temperaturdan çən deformasiyaya uğrayıb. Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub.