“Xalq Cəbhəsi” qəzetinin 15 yaşına sözardı... Hadisə

“Xalq Cəbhəsi” qəzetinin 15 yaşına sözardı...

Noyabrın 20-də "Xalq Cəbhəsi" qəzeti 15 yaşını tamamlayır...
...15 il ərzində qəzetin qismətinə şəhərin 3 müxtəlif məkanında fəaliyyət göstərmək düşüb. Səbail rayonundan Binəqədiyə, Binəqədidən Yasamala köçmüşük...
Bu 15 ilin 6 ili Binəqədi rayonunda hansısa Aşırım (mənə görə 13-cü Aşırım) küçəsində yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində keçib... Qəzetin fədakar təsisçisi, redaktorları, jurnalistləri, dizaynerləri, korrektorları indi ağlasığmaz görünən məhrumiyyətlərə qatlaşaraq öz vəzifələrini vicdanla, yüksək əxlaqla, peşəkarlıqla yerinə yetiriblər...
İstiliyimizi kəsiblər XXI əsrdə "solyarka" (dizel yanacağı – E.M.) sobası yandırmışıq, işığımızı kəsiblər generatorun gurultusu və tüstüsü altında fəaliyyət göstərmişik, suyumuzu kəsiblər, piyada 13-cü mərtəbəyə su daşımışıq... Amma bir gün də olsun dayanmamışıq, bu çətinlikləri işimizə əngəl, maneə saymamışıq...

Haşiyə:

Yaxın qohumlarımdan biri vəfat etdiyi üçün Lənkərana getmişdim. Həmin gün geri qayıtmaq mümkün olmadı... Gec idi artıq. Axşam saat 11 olardı. Durumu öyrənmək üçün Bəhmənə (Baş redaktorun müavini Bəhmən Faziloğlu) zəng elədim. Təngnəfəs olmasından şübhələndim. Çox inandırıcı bir səslə "Elçin bəy, siz narahat olmayın, hər şey qaydasındadır" dedi...
Bakıya döndükdən sonra xəbər tutdum ki, sən demə həmin axşam yenə işıqlar sönübmüş, generator da çalışmırmış. Redaksiyanın bütün əməkdaşları texniki avadanlığı özləri ilə götürüb 13-cü mərtəbədən aşağı düşürmüşlər... Əli kişinin yeməkxanasında qəzet çıxarmaq üçün... Elə həmin anda mən zəng eləmişəm. Uşaqların hər birinin əlində hansısa bir texniki avadanlıq olduğu üçün Bəhmən daşıdığı monitoru kimsəyə verə bilməyib ki, saxlasın. Dizləri üztə çöküb telefonu birtəhər cibindən çıxararaq mənə cavab verib və "hər şey qaydasındadır" deyib.
Bu illər ərzində buna bənzər yüzlərlə hadisə baş verib. Yeri gələndə hər birimiz korrektor, dizayner, proqramçı, fotoqraf, jurnalist, redaktor olmuşuq, amma bircə dəfə də olsun çiyinlərimizdəki yükdən xilas olmağa çalışmamışıq. İşimizi və iş yoldaşlarımızı yarı yolda qoymamışıq.
O çətin günlərdə Bəhmən qardaşım başda olmaqla hər kəs misli görünməmiş fədakarlıq nümayiş etdirib...
Bu gün onların arasında elm sahəsində çalışanlar da, öz işini quranlar da, mətbuatda külüng vurmağa davam edənlər də var... Amma biz onları unutmamışıq... Onlar da bizi...
Bəhmən qardaşım, Pərvin, Faiq, Ramiz, Aybəniz, Tural, Ağa, Araz, Rüfət, Mərdan, Ülviyyə, Nizami, Seymur... sizi az qala hər gün xatırlayırıq.
Mahirin hər gün Xirdalandan Şollar suyu gətirdiyini, Habilin, Pərvinin, Ramizin... 10-15 litrlik qablarda 13-cü mərtəbəyə su daşıdıqlarını, generatora güc düşməsin deyə şam işığında oturduğumuzu, kilometrlərlə yolu evə piyada getdiyimizi, redaksiyamızın "Simurq quşu" olan İlqarın məşhur "Qaz 31"-nin ona və bizə yaşatdıqlarını da... unutmamışıq. Hətta Arzu xanımın 13-cü mərtəbəki kürsüsü ilə "həmdərd" olan məşhur yun şalını da... xatırlayırıq. O günlərin xatirələri indi təkcə yaddaşımızda deyil, səhhətimizdə də özünü büruzə verir.
İndi kiminsə adını xatırlatmadımsa, qocalığa yazsın...
...Ən önəmlisi odur ki, harada olduğumuzdan asılı olamayaraq, biz bu gün də görüşəndə bir-birimizin gözünün içinə dik baxmağı bacarırıq, doğmalar kimi sarılırıq. Zənnimcə, bu "Xalq Cəbhəsi" qəzetinin 15 il ərzində əldə etdiyi ən böyük uğurdur.

Yola davam...

...13-cü mərtəbədə səhra şəraitində susuz, işıqsız, istiliksiz çalışdığımız dönəmlərdə redaksiyanın yerləşdiyi mərtəbədəki ayaqyolunun borularını da kəsib atmışdılar. Həm də kim... Vaxtilə Azərbaycan mətbuatının ən tirajlı qəzetlərindən olan "Bu gün"ün qurucusu və baş redaktoru Nəsib İsmayılovun binada təmir işləri aparan proRAB qardaşıı. Adını unutsam da, 13-cü mərtəbədəki ayaqyolunun dəliyindən proRAB İsmayılovun mənəviyyatına necə... baxdığımızı yaxşı xatırlayıram. O zamandan 8 il keçir və bu 8 ilin hər günündə, hər saatında seçdiyimiz yolun doğruluğuna əmin oluram. Əslində buna şübhəm də olmayıb. İlk gündən qəzetin yaradılmasında, fəaliyyət göstərməsində zəhməti olan hər kəs kimi mən də doğru bir hədəfə istiqamətləndiyimizə, Azərbaycan mətbuatının təməl prinsiplərinə xidmət etdiyimizə sonunadək inanmışam.
Bu gün, Yasamal rayonunda, müqəddəs üçrrəngli bayrağımızın dalğalandığı parkın bir neçə addımlığında yerləşən redaksiyamızın işıqlı otaqlarından birində keçdiyimiz yolu, qatlaşdığımız çətinlikləri xatırlayıram. Zərrə qədər də peşman deyiləm. Biz üzərimizə yürüyən qaranlıqlardan işıq kimi sıyrılaraq bu günə gəlmişik. O dövrdən bu yana çox şey dəyişib. Vaxtilə bizi topa tutanlar indi öz düşərgələrindən atılan namərd güllələrindən qorunmaq üçün bizim ünvanımızı seçirlər. Biz isə hansı məkanda fəaliyyət göstərməyimizdən asılı olmayaraq, hər zaman haqqın, ədalətin, Bütöv Azərbaycan məfkurəmizin izində, Azərbaycan dövlətinin və xalqının yanında, Azərbaycan bayrağının kölgəsində olmuşuq. Bütün çətinlikləri də ideallarımıza sığınaraq dəf etmişik...
Bu illər ərzində bizə arxa-dayaq olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə, bütün əqidadaşlarımıza, "Xalq Cəbhəsi" qəzetinin gəlmiş-getmiş bütün əməkdaşlarına, bu yolda mənimlə birgə, yanaşı addımlayan qardaş və bacılarıma, övladlarıma dərin minnətdarlığmı bildirirəm.
Başımız üstündən üçrəngli bayrağımız, ayağımız altından müqəddəs torpağımız əskik olmasın!
Dövlətimiz, millətimiz əbədiyyən var olsun ki biz də var olaq!
Tanrı Sizi və sevdiklərinizi qorusun!

Sizin Elçin Mirzəbəyli