İnformasiya əldə etməyə dair təlim keçirilib Hadisə

İnformasiya əldə etməyə dair təlim keçirilib

İnsan Hüquqları üzrə Müvəkkili təsisatı Avropa Şurası ilə birgə Ombudsman Aparatının, digər müvafiq dövlət qurumlarının və bir sıra KİV-in nümayəndələri üçün İnformasiya əldə etməyə dair təlim təşkil edib. Bu barədə "Xalq Cəbhəsi"nə Ombudsman Aparatından məlumat verilib. Təlimə bu sahədə tanınmış beynəlxalq və milli ekspertlər qatılmışlar.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təmsil etdiyi təsisatın beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirildiyini bildirib. O, Avropa Şurası ilə beynəlxalq ekspertlərin qatıldığı çoxsaylı birgə maarifləndirmə tədbirlərinin, treninq-seminarların təşkil olunduğunu, eyni zamanda hazırkı təlimin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası Konstitusiyasının mövzu üzrə müddəaları, məlumat azadlığının, informasiya əldə etmək hüququnun mahiyyəti, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) müvafiq bəndləri barədə məlumat verilib.
Müvəkkil Elmira Süleymanovanın bu sahədə fəaliyyəti, Ombudsman haqqında Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Müvəkkilin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti də həyata keçirdiyi vurğulanmışdır. İnformasiya sorğularının cavablandırılması, informasiya əldə etmək hüququnun daha səmərəli təmini istiqamətində görülən işlər, müvafiq mövzularda Bakıda və regionlarda təşkil olunan silsilə maarifləndirmə tədbirləri və treninqlər diqqətə çatdırılıb.
A.Səfixanlı təlimdə səmərəli fikir və təcrübə mübadiləsinin aparılmasına, bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsinə inandığını söyləyib.
Avropa Şurasının Bakıdakı Ofisi rəhbərinin müavini Joel Mermet Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlığı müsbət qiymətləndirib, təmsil etdiyi qurumun məlumat azadlığı, fikir və söz azadlığı, informasiya məsələləri sahəsində fəaliyyəti, bu sahədə standartları barədə məlumat verib, informasiya əldə etmək hüququnun vacibliyini vurğulayıb.