Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirilib Hadisə

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX Qurultayı keçirilib

AMEA-nın əsas binasında Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) IX qurultayı keçirilib.
APA-nın xəbərinə görə, qurultayda çıxış edən ACC-nin direktor əvəzi Ramiz Məmmədov hesabat haqqında məlumat verərək bildirib ki, hazırda Bakı Dövlət, Dövlət Pedaqoji və Naxçıvan Dövlət universitetlərində Cəmiyyətin 3 əsas filialı fəaliyyət göstərir: "Gələcəkdə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax filiallarının yaradılması nəzərdə tutulur".
O həmçinin qeyd edib ki, hesabat dövründə ACC-nin əsərlər toplusunun 8 cildi nəşr edilib: "Bu cildlərdə ümumilikdə coğrafiyanın ən mühüm problemlərinə həsr olunan, elmi yenilikləri özündə əks etdirən 1000-ə qədər məqalə çap edilib. Həmçinin əsərlərdə 50-dən çox xarici ölkə alimlərinin əsərləri də nəşr edilib".
2013-cü ildə 14 dəfə ACC-nin Rəyasət Heyətinin iclasının keçirildiyini deyən direktor əvəzi Ramiz Məmmədov əlavə edib ki, hesabat dövründə 8 elmi və 1 beynəlxalq elmi praktiki konfrans keçirilib: "Konfransların işində Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, İran, Türkiyə və digər ölkələrdən gələn alimlər də iştirak ediblər. Görkəmli alim və mütəxəssislərin yubileyləri ACC tərəfindən qeyd olunub. Cəmiyyətin üzvləri 4 beynəlxalq qrant layihəsinin yerinə yetirilməsində əsas iştirakçı olublar və layihələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib".
Qeyd edək ki, qurultayda qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınıb, Cəmiyyətin hesabatı, məruzəçilərin çıxışları dinlənilib, təşkilati məsələlərə baxılıb, "Coğrafiya Cəmiyyətinin Əsərləri" jurnalının təsis olunması, Coğrafiya Cəmiyyətinin elektron saytının təqdimatı, Cəmiyyətin loqosunun seçilməsi və təsdiqi, növbəti konfransının keçirilməsi haqqında və s. kimi məsələlər müzakirə olunub.