13:22
371
“Türkiyə xarici işlər naziri Hakan Fidan və HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyan arasında olan görüşü diplomatik baxımdan vacib hesab etsəm də, onun təkbaşına Qəzzada atəşkəs və sülh danışıqlarının taleyini fundamental şəkildə dəyişəcək hadisə kimi qiymətləndirilməsi doğru olmazdı. Bununla yanaşı, görüşün ümumi prosesə müəyyən müsbət təsirlər göstərə biləcəyi də şübhə doğurmur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova qeyd edib ki, müsbət tərəfi ondan ibarətdir ki, Türkiyə uzun müddətdir HƏMAS ilə əlaqələri olan ölkələrdən biridir və vasitəçi kimi müəyyən mesajların çatdırılmasında rol oynaya bilər: “Bu görüş tərəflər arasında dialoq kanallarının açıq saxlanılmasına xidmət edir. Eyni zamanda, humanitar məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bununla belə, Türkiyənin bu prosesdəki rolunu məhdud qiymətləndirərdim. Çünki Qəzzada atəşkəslə bağlı əsas danışıqlarda adətən ABŞ, Misir və Qətər aparıcı vasitəçilər kimi çıxış edirlər. İsrail və HƏMAS arasında mümkün razılaşmanın əldə olunması da ilk növbədə həmin kanallar vasitəsilə aparılan danışıqlardan, eləcə də tərəflərin siyasi və hərbi hesablamalarından asılı olacaq”.
Röya İsrafilova