14:37
329
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın HƏMAS-ın Siyasi Bürosunun yeni lideri Xəlil əl-Həyyanı qəbul etməsi Yaxın Şərqdə sülhə nail olunması istiqamətində müsbət dönüş yaratmayacaq. Çünki indiyə qədər rəsmi Ankaranın HƏMAS-a siyasi dəstək verməsi bölgədə sülhün təmin olunmasında ciddi irəliləyişə səbəb olmayıb. HƏMAS-a ifadə edilən dəstək ilk növbədə, Türkiyənin Yaxın Şərqdəki geosiyasi maraqları ilə bağlıdır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Müşfiq Abdulla deyib.
M.Abdulla söyləyib ki, rəsmi Ankara HƏMAS-ın dini-təməl prinsiplərini təşkil edən “Müsəlman qardaşları” ideologiyasını müdafiə edir: “Bu baxımdan, Türkiyənin HƏMAS liderinə növbəti dəstəyi İsraillə münasibətlərdə mövcud gərginliyin daha da artmasına gətirib çıxara bilər. Ona görə də Türkiyə-HƏMAS təmaslarının sülh prosesinə töhfə verəcəyini düşünmürəm. Hazırkı şəraitdə Ankara Qəzza zolağında baş verən proseslərdə balanslı mövqe tutmağa çalışmalı və daha çox münaqişədən əziyyət çəkən dinc əhaliyə humanitar yardım göstərməyə üstünlük verməlidir. Yaxın Şərqdə müharibələrin sayının artdığı və münaqişlərin coğrafiyasının genişləndiyi hazırkı məqamda Qəzzada konkret tərəfə çevrilmək Türkiyənin təhlükəsizliyinə ciddi problemlər yarada bilər”.
Siyasi ekspertin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu “ABC News”a müsahibəsində HƏMAS-ın tərksilah edilməli, Qəzzanın isə silahsızlaşdırılmış zonaya çevrilməli olduğunu deyib: “Bu isə müharibənin davam edəcəyindən xəbər verir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, HƏMAS liderlərinin hamısını İsrail terrorçular siyahısına daxil edərək məhv edir. Bu baxımdan, Xəlil əl-Həyya da istisna deyil. Ona görə də Türkiyənin Xəlil əl-Həyyaya dəstək verməsi perspektivdə Netanyahu hökumətinin və ABŞ-dəki yəhudi lobbisinin Türkiyənin guya terrorçulara dəstək verdiyinə dair əsassız ittihamlarla çıxış etməsinə səbəb ola bilər. Bütün bunların baş verməməsi üçün Türkiyə istər Qəzzada və Livanda, istərsə də İranda baş verən müharibələrdə neytral mövqe sərgiləməlidir”.
Röya İsrafilova