Şuşanın işğalından 22 il ötür Hadisə

Şuşanın işğalından 22 il ötür

Qədim Azərbaycan-türk şəhərinin yaranış, inkişaf və süqut tarixindən

Mayın 8-də Azərbaycanın tarixi şəhəri Şuşanın işğalından 22 il ötür. Şuşalı çağlardan ömrü boyu, nəsillikcə o yerlərdə yaşayan soydaşlarımızın böyük bir nisgillə danışması istər-istəməz ürək parçalayır. Şuşanın, Qarabağın azadlığının ip ucu isə görünmür ki, görünmür. Problem beynəlxalqlaşıb, çıxılmaz dalana dirənib. 22 il qabaq - 1992-ci ildə Şuşaya 3 istiqamətdə hücum oldu. 155 nəfər həlak oldu, 167 nəfər isə yaralandı. Bununla da Şuşa şəhəri və onun 30 ətraf kəndlərində yaşayan 24165 nəfər Azərbaycan türkü erməni-daşnak faşistlərinin etnik təmizləmə siyasətinin qurbanlarına çevrildilər. Şuşa bölgəsi bu savaşda 193 nəfər şəhid verdi. 17 mayda isə ermənilər iki istiqamətdə Laçın rayonuna hücum etdilər. Laçın şəhəri və onun 125 kəndi işğala məruz qaldı. Rayonun 71 min əhalisi didərgin düşdü. 328 nəfər şəhid, 36 nəfər girov oldu, 100 nəfər isə itkin düşdü.
Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulub. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə olub, üç tərəfdən sıldırım qayaların əhatəsində idi. Pənah xan tərəfindən salınan şəhər əvvəllər "Pənahabad", sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla Şuşa qalası adlanıb.
Asif Atanın Şuşanın Qarabağın tarixi taleyində əvəzsizliyi barədə 1988-ci ildə yazdığı fikri maraqlıdır: "Qarabağın əsl, təbii, tarixi başşəhəri Şuşadır. Stepanakert - süni, qondarma, yalançı, başşəhəridir. Dağlıq Qarabağ muxtariyyatı - qondarma, süni, zorakı bir düzəltmədir. Xəlqi birliyi pozmaq, yağılıq közünü alışdırmaq, "Oğru yadına daş salmaq" niyyətinə xidmət eləyir. Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! Ya Azərbaycanın Dağlıq Qarabağ üzərində səlahiyyəti formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı formallaşmalıdır. Üçüncü yol yoxdur. Qarabağda erməni muxtariyyatını formallaşdırmaq gərək, son nəticədə yox etmək!"
Mərhum publisist Telman Mehdixanlı yazılarında təəssüflə bildirirdi ki, sovet dövründə Şuşamızda on küçə var idisə, onun 5-nə erməni adı verilmişdi. Şuşa rayon partiya komitəsinin ikinci katibi mütləq erməni olmalıydı. Ata-baba yurd yerimizin adı dəyişdirilmişdi - Xankəndi yox, Stepanakert kimi tanınmışdı. Respublikamızın ərazisində cəllad, türkçülüyün düşməni, minlərlə soydaşlarımızı qətlə yetirən Şaumyanın adını daşıyan küçələr, müəssisələr, hətta rayonlar mövcud idi... Bütün bunlar bəs necə rəsmiləşirdi? Sualın cavabı birmənalıdır: erməni hiyləsi və bizim unutqanlığımız sayəsində! 1988-ci il fevralın 22-də Qarabağ uğrunda ilk iki şəhid balamız niyə tez-tez xatırlanmır? Axı onlar torpaq, Vətən uğrunda canlarını qurban verənlərdir! Şuşanın sinəsinə dağ çəkən, şuşalılara quyu qazdırıb, yüzlərlə şuşalını diri-diri ora töküb, üstlərini örtən Mkırtıçyanın qızı Varsenik Bayrama (ad şərtidir) ərə verilmişdi. Bayram Şuşanın mərkəzində böyük bir mağazanın müdiri idi. Varsenik isə çörək zavodunda işləyirdi. Şuşamız sonuncu dəfə işğala məruz qalan günlərdə Bayram nə qədər haraylasa da, "arvadı" gizləndiyi zirzəmidən çıxmayıb. Orada əyləşib, "ərinin" illər boyu topladığı var-dövləti, sərvəti "qoruyub"... Hə biləydik, hardan duyaydıq ki, başı bəlalar çəkən qədim Şuşamızın, ermənilərin törətdiyi neçə-neçə terrorların şahidi olmuş şuşalıların bugünkü övladlarını nələr gözləyir? Şuşa sözün həqiqi mənasında alınmaz qala idi. Ora yalnız iki səmtdən giriş vardı: Ağa körpüsü və Zarıslı kəndi tərəfdən. İşğal ərəfəsində oradan ermənilər baş götürüb qaçmışdılar. Qalan üç-beş nəfər də üzə çıxmır, zirzəmilərdə gizlənirdilər. Bəs indi onun içini oyan qüvvələr kimlər, nələr idi? Axı Şuşada barmaqla sayılası mümkün olmayan vətənsevər, igid, ölümündən qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki, birdən düşmən qapılarını döyər. Bəs niyə bu gün göynəyə-göynəyə, yana-yanan həsrətini çəkdiyimiz, üzüyün qaşına bənzətdiyimiz müqəddəs torpağımız - qala şəhərimiz Şuşa düşmən tapdağı altında zarıyır, inildəyir, dağılır, uçulub-sökülür? Sakinləri isə ağızlarının dadını, süfrələrinin bərəkətini itiriblər.
Şuşanın yaranışı, inkişafı üç mərhələdə baş vermişdi. Birinci, 1753-54-cü illərdə olub. Bu müddətdə əsasən qala divarları və qəsrlər tikilmişdi. İkinci, İbrahim xanın hakimiyyəti dövründə orada yeni məhəllələr salınmaqla yanaşı, Böyük Cümə məscidinin inşası başa çatdırılmışdı. Şəhərin daha sürətlə və milli arxitekturaya uyğun genişlənməsi 1805-ci ildən sonraya təsadüf edir. Bu diyar tarixi abidlərlə zəngin olduğu üçün 1977-ci ildə qoruq-şəhər statusu alıb. Şuşa dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Orada təkrarsız coğrafi görünüş və bənzərsiz iqlim şəraiti mövcuddur. Havası neçə-neçə xəstəliyə dərmandır. Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar da, oradan aşkar görünür. Şəhərin ərazisi təxminən 400 hektara yaxındır. Şəhərdə və kəndlərdə çeşid-çeşid ipək, pambıq parçalar toxunardı. Orada çox dəyərli sənətkarlar çalışardı. Əhalinin suya olan ehtiyacının ödənilməsi üçün Xan qızı Hatəvan 1873-cü ildə Şuşaya Sarıbaba dağından su kəməri çəkdirmişdi. Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə Şamaxıdan sonra Şuşada quraşdırılmışdı. Şəhərdə 17 məhəllə var idi. Əhalisi təxminən 40 min nəfərə çatırdı. Bu yurd yerimiz həm də unikal istirahət guşələri ilə tanınmışdı. Turşsuyun, Səkili bulağının, İsa bulağının, Fındıqlı gölünün sorağı çox yerə yayılmışdı. Şuşa həm də musiqi konservatoriyası kimi ad açmışdı. Ta qədimdən son vaxtlara qədər burada fəaliyyət göstərən 100 nəfərə qədər bənzərsiz ifaçılarımızın adları milli tariximizə yazılıb. Onlardan Sadıqcanın, Hacı Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan əminin, Bülbülün, Zülfü Adıgözəlovun adları daha populyar olub. Sakinlər boş vaxtlarını "Bazarbaşı" deyilən yerdə - Mədəniyyət evi ilə Xan qızı Hatəvanın imarəti arasındakı bulvar kimi tanınan ünvanda keçirərdilər. Vaxt-bivaxt oradan çal-çağır səsi kəsilməzdi. Şuşada bitən gül, ot, çiçək, taxıl və ərzaq məhsulları da başqa ərazimizdə bitən məhsullardan fərqli və dadlı olardı. Buna görə də Şuşa xörəklərinin özünəməxsus şirin tamı, xoş ətri vardı. İnsanları həddən artıq gülərüz, qəlbləri açıq, qonaqpərvər idilər. Çox təəssüf ki, 1988-ci ildən başlayaraq adamlardakı bu müsbət keyfiyyətlər də tədricən ərşə çəkilirdi. Lev Hikolayeviç Qumilyov özünün azərbaycanlı yetirmələrinə belə bir məsləhət görmüşdü: "Öz xalqınızı tərifləməyə çalışmayın, o, onsuz da böyükdür, bir şey ki, gözəldir, onun tərifə ehtiyacı yoxdur". Mən də Şuşanı və şuşalıları tərifləməyə ehtiyac duymuram. Çünki o diyar və orada yaşayan azərbaycanlılar gözəldir və hünərli, qorxubilməz igidlərdir. Elə olurdu ki, həmin qoçaqlar günlərlə isti xörək, doyunca yuxu üzünə həsrət qalırdılar. Ancaq sınmırdılar, əyilmirdilər, fəxr edirdilər ki, alınmaz qalanın keşiyini namusla, vicdanla çəkirlər.
Yerli sakinlərin hünərli, qorxubilməz ümimiləşmiş obrazlarının simvolu, ölümündən sonra haqlı olaraq Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Ramiz Qənbərin müqəddəs ruhunu yad etməyi özümə borc bilirəm. Döyüşkənliyi, cəsarəti, düşmənə nifrəti başına bəla açdı. Dedilər, onu da arxadan vurublar. Ramizin timsalında 72 nəfər şəhid olanları, 25 nəfər itkin düşənləri də ehtiramla yad edirik. 1992-ci il mayın 8-də Şuşamız son azadlıq gününü yaşadı. Görənlər danışırlar ki, elə o vaxtdan da onun başının üstündən çiskin, qar, duman əskik olmur. Yalnız bircə təskinliyi var: yaranışı boyu çox amansızlıqlar görsə də, yenə Azərbaycanın tərkibində qalıb, Azərbaycan Türklərinin sevimli şəhəri, yurd yeri olub, yenə olacaq".

Uğur