Jurnalistlər üçün daha bir müsabiqə Hadisə

Jurnalistlər üçün daha bir müsabiqə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılmasıdır.

Müsabiqənin istiqamət və mövzuları

Sosial müdafiə sisteminin müasir tələblərə uyğun qurulması və əhaliyə xidmətin təkmilləşdirilməsi istiqaməti üzrə:

1. Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir.
2. Sosial müdafiə sistemində islahatlar: Şəffaflıq və keyfiyyətli xidmətə doğru.
3. Dövlət sosial yardım sistemində avtomatlaşdırma şəffaflığın təminatında əsas vasitədir.

Vətəndaşların əmək hüquqlarının təminatı, əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqaməti üzrə:

1. Əmək müqaviləsi: əməyinə və gələcək sosial təminatına sahib ol!
2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması qeyri-leqal məşğulluğun aradan qaldırılmasına yönəlib.
3. Sağlam və təhlükəsiz əmək hər bir vətəndaşın hüququdur.

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqaməti üzrə:

1. Sağlamlıq imkanları məhdud olsa da, cəmiyyətə inteqrasiya imkanları məhdud deyil.
2. Bərabər hüquqlar - bərabər imkanlar.
3. Sosial infrastruktur həm də əlillərin istifadəsinə uyğun olmalıdır.

Sosial təminat və sosial xidmətlər sisteminə baxış istiqaməti üzrə

1. Tənha ahıllarla bağlı dövlət siyasəti milli-mənəvi dəyərlərə əsaslanır.
2. Sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması.
3. Sosial xidmət müəssisələri dövlət qayğısı ilə əhatə olunub.

İşçi qüvvəsinin müasir əmək bazarına uyğun olaraq keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların aktiv məşğullluq tədbirlərinə cəlb olunması istiqaməti üzrə:

1. İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır.
2. Peşə standartları peşə təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılmasında əsas baza rolunu oynayır.
3. Məşğulluğun təminatında aktiv məşğulluq tədbirləri mühüm önəm kəsb edir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə:

I yer - 1000 manat
II yer - 700 manat
III yer - 500 manat

Həvəsləndirici mükafat - 200 manat

Qaliblər həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

XC