“Kreditlərə Cahangir Hacıyev razılıq verib“ Hadisə

“Kreditlərə Cahangir Hacıyev razılıq verib“

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Həmidov ifadə verib.
O, "İntertekstil" şirkətində mexanik vəzifəsində işlədiyini deyib. Nizami Həmidov şirkət üçün adına 200 min manat kredit götürüldüyünü söyləyib.
Daha sonra şahid qismində Beynəlxalq Bankın Kredit Komitəsinin sabiq sədri, hazırda həmin bankın İdarə Heyətinin üzvü Akif Əliyev dindirilib. O, Kredit Komitəsinin sədri olarkən bir dəfəyə 2 milyon 400 min manata qədər kreditin verilməsinə səlahiyyəti olduğunu bildirib: "Dünyamin Xəlilovun işi üzrə ayrılan kreditlərə bankın keçmiş rəhbəri Cahangir Hacıyev razılıq verib. Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən məsul şəxs kimi tanımışam. Layihələri Dünyamin müəllim təqdim edirdi. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi. Mən isə həmin vaxt 5 min manat maaş alırdım".
Şahid qismində hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Emin Mustafayev ifadə verib. O, əvvəllər bankın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin müavini, bir müddət isə bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışdığını qeyd edib. Emin Mustafayev Kredit Komitəsinin sədri vəzifəsində çalışarkən Cahangir Hacıyev tərəfindən göstəriş aldığını bildirib: "Mən kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi. Amma özlərinə verilməyib, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi. Bu, sözsüz ki, qanun pozuntusu idi. Lakin Cahangir Hacıyevin göstərişi belə idi. Cahangir Hacıyevin göstərişindən sonra şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi".
Şahid qismən İlqar Abdullayev dindirilərkən Cahangir Hacıyevlə birlikdə həbs edildiyini, məhkəmədə şərti cəza alaraq, azadlığa buraxıldığını söyləyib. O, "İntertekstil" şirkətinin işçilərinə 2012-ci ildə kredit ayrılanda Beynəlxalq Bankın Mərkəz filialının müdir müavini olduğunu, 2014-2015-ci illərdə isə həmin filialın müdiri vəzifəsində çalışdığını deyib: "Fiziki şəxslərin adına ayrılan 200 minlik kreditlər Emin Mustafayevin göstərişi ilə verilib. Onun göstərişi ilə bir neçə nəfər filiala gəlib, onlara kredit verilib".
Digər şahid Anar Sultanov ifadəsində bildirib ki, Cahangir Hacıyevlə birlikdə mühakimə olunub, daha sonra şərti cəza alanlaraq, azadlığa buraxılıb. O, Beynəlxalq Bankın Mərkəz filialının keçmiş rəhbəri olduğunu, çalışdığı dövdrə 5 minə qədər kreditlərin ayrılmasına təkbaşına qərar verəcək səlahiyyətinin olmadığını ifadə edib.
Məhkəmənin növbəti prosesi aprelin 6-na təyin edilib.