MİTDİB Mingəçevirdə tədbir keçirib Hadisə

MİTDİB Mingəçevirdə tədbir keçirib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda seminar keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda konfrans və seminarların təşkili" layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar"a yanaşmaları problemlidir: "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının qanunu (11-ci maddə), ``Televiziya və radio yayımı haqqında`` Azərbaycan Respublikasının qanunu (11.5.3), "İnformasiya əldə etmək azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları" (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir".
Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.
Tədbirdə çıxış edən media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə seminar iştirakçılarını məlumatlandırıb.
"Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, "Bərdə" qəzetinin baş redaktoru Elbrus Məmmədov, İTV-nin Qərb bölgə müxbiri Şöhrət Eyvazov, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı, "Azərbaycan bələdiyyələri"qəzetinin əməkdaşı İxtiyar Həsənli və digər çıxışçılar "KİV və uşaq hüquqları" mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.
QHT Şuranın təmsilçisi Mirzə Zaidov seminarın gedişini müşahidə edib. O, Şuranın fəaliyyət və icra olunan layihələr barədə seminar iştirakçılarını bilgiləndirib.