Media rəhbərləri Heydərabad qəsəbəsində olublar Hadisə

Media rəhbərləri Heydərabad qəsəbəsində olublar

Naxçıvan Muxtar Respublikasında səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Sədərək rayonunun düşmən mövqelərinin yaxınlığında yerləşən Heydərabad qəsəbəsinə gedib.
Qəsəbə haqqında məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, Heydərabad hava yolu ilə düşmən mövqelərindən 500 metr məsafədə yerləşir.
1990-cu ildən burada döyüşlər getdiyini deyən Y. Seyidov 1992-ci ildən sakinlərin məcburiyyət qarşısında evlərindən köçürüldüyünü bildirib.
Onun sözlərinə görə, atəşkəsdən sonra sakinlər qəsəbəyə qayıtsa da, yaşayış evləri bərbad vəziyyətdə olub.
"Qəsəbə 2010-cu ildə tam yenidən qurulub, 84 yeni yaşayış evi tikilib və ya bərpa edilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axarı ilə davam edir", - deyə Y. Seyidov bildirib.
Media rəhbərləri Heydərabad Tarix Diyarşünaslıq muzeyində də olublar.
Baş redaktorlar daha sonra qəsəbədəki hərbi hissəyə baş çəkib, hərbçilərlə görüşüblər.