“Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdə olan məlumatlar arasında uyğunsuzluqlar aşkarlanıb“ Hadisə

“Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdə olan məlumatlar arasında uyğunsuzluqlar aşkarlanıb“

"Dövlət qulluğuna dair qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrənilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) əsas vəzifələrindən biridir. Bununla bağlı, dövlət reyestrinə daxil edilmiş məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları haqqında məlumatları dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilmədiyi müəyyən edilib".
Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğunun aktual problemləri" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bir çox hallarda dövlət qulluqçularının əmək kitabçalarına daxil edilmiş məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edilib: "Dövlət qulluqçuları barəsində olan məlumatların müvafiq dövlət orqanları tərəfindən dövlət reyestrinə vaxtında, tam və ya düzgün daxil edilməməsi inzibati məsuliyyətə səbəb olur. Bu uyğunsuzluqlar aradan qaldırılmalıdır. Bu məqsədlə səlahiyyətimiz çərçivəsində tərəfimizdən müvafiq tədbirlər görülməkdədir. Dövlət reyestri dövlət qulluqçuları haqda informasiya resursu olmaqla, ölkə üçün mühüm əhəmiyyətə malikdir. Dövlət qulluqçularına verilən güzəştli mənzillər məhz reyestrdən verilən arayışlar əsasında həyata keçirilir. Təəssüf ki, bəzi hallarda reyestrdən arayış verilməsi üçün müraciət edən vətəndaşlara bu sənədlərin verilməsi mümkün olmur. Belə ki, həmin şəxslər qeyri-qanuni dövlət qulluğuna qəbul olunurlar, ya da müqavilə əsasında dövlət qulluğunda çalışırlar. İnsanlar dərk etməlidirlər ki, müqavilə ilə çalışmaq onları dövlət qulluqçusu statusundan məhrum edir və onlar bütün imtiyazlardan kənarda qalırlar".