Lapşin məhkəmə qarşısına çıxarıldı Hadisə

Lapşin məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə Aleksandr Lapşinin anket məlumatları dəqiqləşdirilib.
O, prosesdə İsrail, Ukrayna və Rusiya vətəndaşlığını daşıdığını, himayəsində azyaşlı uşağı olduğunu deyib.
Bildirib ki, ittiham aktı ilə tanış olub. O, sonuncu yaşayış yerinin İsrail olduğunu vurğulayıb..
A. Lapşinin vəkili hər hansı vəsatətlə çıxış etməyib.
Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Lapşin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.