“Bədii ədəbiyyat milli sərvətimizdir” mövzusunda tədbir keçirilib Hadisə

“Bədii ədəbiyyat milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində "Bədii ədəbiyyat milli sərvətimizdir" mövzusunda tədbir keçirilib. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə baş tutan tədbirdə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova çıxış edərək "Mütaliə günü" layihəsi çərçivəsində kitabxananın müxtəlif elm və təhsil müəssisələrində keçirdiyi tədbirlərdən, onların əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O, bu cür layihələrin insanlar arasında kitaba olan marağı artırmaq, kitabxanalara daha çox oxucu cəlb etmək, mütaliə mədəniyyətini inkişaf etdirmək baxımından önəmli olduğunu bildirib.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu", M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Bədii ədəbiyyat və mütaliə mədəniyyəti", kitabxananın Komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova "Biz niyə bədii ədəbiyyat oxumalıyıq?" mövzusunda məruzə ilə çıxış ediblər. Daha sonra mövzu ilə əlaqədar bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova çıxış edərək kitabxana ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Sonda "Bədii ədəbiyyat milli sərvətimizdir" başlığı altında təşkil edilən səyyar sərgiyə baxış olub.