Dövlət komitəsindən cinsi zorakılıqla bağlı acı etiraf... Hadisə

Dövlət komitəsindən cinsi zorakılıqla bağlı acı etiraf...

"Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu maarifləndirici tədbirlərdən başqa cəza tədbirləri də görür".
Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə deyib. Onun sözlərinə görə, ölkənin hər bir rayonunda (həm də paytaxtın rayonlarında) gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu fəaliyyət göstərir: "Monitorinq qrupuna rayonların polis idarəsindən, prokurorluğundan, təhsil və səhiyyə qurumlarından bir nümayəndə, rayon icra hakimiyyətinin Qəyyumluq və Himayəlik Komissiyasının sədri daxildir. Komitəyə müraciət daxil olan kimi monitorinq qrupunun iclası keçirilir. Qrup qeyd olunan evə gedib baxış keçirir. Xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün qrup üzvləri profilaktik tədbirlər həyata keçirir, ailə ilə söhbətlər aparılır, zərərçəkənin zorakılıqdan azad olması üçün böyük işlər görülür. Amma iş yalnız söhbətlərlə bitmir, maarifləndirici tədbirlərdən başqa cəza tədbirləri də görülür. Monitorinq qrupu zorakılıq olan evə gedərkən hər hansı bir fiziki zorakılıq aşkarlayırsa, buna səbəb olan şəxs qanunvericiliyə uyğun cəzalanır".
Tural Hüseynzadə bildirib ki, zorakılığa məruz qalan şəxslər çox vaxt dövlət qurumlarına müraciət etmirlər: "Belə ailələr aşkarlananda münaqişəli ailə kimi qeydiyyata alınır və hər ay həmin ailənin vəziyyəti yoxlanılır, hesabatı yazılır. Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb".
Dövlət Komitəsinin rəsmisi xatırladıb ki, məişət zəminində zorakılıqların qarşısının alınması sahəsində qanunvericilik 2010-cu ildə qəbul edilib: "Məişət zorakılığının 4 növü var: fiziki, cinsi, psixoloji və iqtisadi zorakılıq. Məişət zəminində fiziki zorakılıq şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması, psixi zorakılıq birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri, iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi bu qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri, məişət zəminində cinsi zorakılıq isə şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir".
Mütəxəssis həmçinin qeyd edib ki, məişət zorakılığı dedikdə yalnız fiziki zorakılıq və döyülmək nəzərdə tutulmur: "Məişət zorakılığının növləri fərqlidir. Məsələn, həyat yoldaşı xanımı işləməyə qoymur, o, bununla bağlı komitəyə müraciət edir. Bu da məişət zorakılığının bir növüdür, amma burada münaqişə yoxdur. Biri də var ki, kişi hər gün evə içkili gəlir, ailə üzvlərinə zor tətbiq edir. Bunların hamısı ümumi məişət zorakılığı adı ilə qeydiyyatdan keçir. Yəni məişət zorakılığı dedikdə yalnız fiziki zorakılıq, döymək, öldürmək nəzərdə tutulmamalıdır. Övladın istədiyi ixtisasda oxumasının qarşısını almaq, başqa peşəyə yönəltmək də məişət zorakılığının növüdür".
Tural Hüseynzadə vurğulayıb ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun yalnız qadınların deyil, digər ailə üzvlərinin, o cümlədən uşaqların fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqdan qorunması üçün qəbul edilib.