ABB-nin restrukturizasiya planı məhkəmə tərəfindən təsdiqlənib Hadisə

ABB-nin restrukturizasiya planı məhkəmə tərəfindən təsdiqlənib

Bakı şəhər, Nəsimi rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Beynəlxalq Bankının (ABB) müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib.
Bu barədə ABB-dən məlumat verilib.
"Məlum olduğu kimi, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Kreditorlarının yığıncağı keçirilib və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib, plan "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılıb", - deyə məlumatda vurğulanılb.
Xatırladaq ki, plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.