Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar tədbir keçirilib Hadisə

Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar tədbir keçirilib

Dünən Bakıda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar anım tədbiri keçirilib.
BQXK-dən bildirilib ki, qurumun itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi Daniel Messerli çıxış edərək, silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələrinin əziyyət çəkdiyini deyib. O bildirib ki, , bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir.
Dağlıq Qarabağ münaqişəsində 28 ailə üzvü itkin düşən Əsli Məmmədova deyib ki, əzizlərinin itkin düşməsi ilə yaşamaq hissi onların həyatını itirməsini qəbul etməkdən daha çətindir: "Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram".
Qeyd edək ki, 2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanmasına başlayıb. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsəd bu məlumatları toplayaraq, onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsində istifadə etməkdir.
BQXK eyni zamanda itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərməyə də çalışır. 2012-ci ildə Bakı nümayəndəliyi Müşayiət Proqramına start verib və bu layihə vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərilib. Bundan əlavə, 103 şəxs "müşayiətçi" təlimi alaraq dəstək qrupları ilə işləmək bacarıqları əldə edib, 15 şəxs isə koordinator bacarıqlarına yiyələnib.
BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.