Bakıda keçirilən konfransda hesabat təqdim edilib Hadisə

Bakıda keçirilən konfransda hesabat təqdim edilib

Bakıda Fövqəladə Hallar Nazirliyi (FHN), Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə keçirilən "Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017"-də FHN-nin Əhalinin və Ərazilərin Təhlükəsizliyinin Təşkili İdarəsinin rəisi Cəlil Quliyev "Azərbaycanda son 10 ildə fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasət" mövzusunda xüsusi hesabatla çıxış edib.
C. Quliyev 2005-ci ildə yaradılan FHN-nin qarşısında ciddi vəzifələr qoyulduğunu nəzərə çatdırıb. İdarə rəisi deyib ki, hazırda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzinin 9 regional mərkəzi fəaliyyət göstərir, xilasedicilər ən müasir texnika və vasitələrlə təmin olunub.
FHN-lə müvafiq nazirlik və qurumlar arasında birgə fəaliyyəti tənzimləyən qarşılıqlı fəaliyyət planlarının hazırlandığını söyləyən C. Quliyev əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl işlər görüldüyünü, "112" qaynar xəttinin fəaliyyət göstərdiyini qeyd edib. Su hövzələrində xilasetmənin səmərəliliyinin artırılması üçün müasir infrastruktur yaradılıb: "Eyni zamanda bu istiqamətlərdə xarici ölkələrin təcrübələri də öyrənilir".
C. Quliyev bildirib ki, FHN-də təyyarə və vertolyotlarla təchiz olunmuş beynəlxalq axtarış-xilasetmə dəstəsi mövcuddur və Rusiya, Türkiyə, İran, Əfqanıstan, Serbiya, Bosniya və Herseqovina və digər ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında bu dəstə iştirak edib.