Qardabanidə nə baş verir? Hadisə

Qardabanidə nə baş verir?

Azər Süleymanov: "Gürcüstanda azərbaycanlılara "tatar" deyib təhqir edirlər"

"Mən baş verən insidentlə maraqlanmışam. Vahid Milli Hərəkat Partiyasının Qardabani rayon təşkilatının sədri Ramin Bayramovla da görüşmüşəm. Hakim partiya bunu bizim təmsil olunduğumuz müxalifət partiyası üzvlərinin üstünə yıxmaq istədi. Gürcü gənclər azərbaycanlıların çayxanasına yaxınlaşaraq dava salıblar".
Bunu Modern.az-a Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov deyib. O, Qardabani rayonunda azərbaycanlılarla gürcülər arasındakı davanın təfərrüatları barədə danışarkən bildirib ki, gürcü gənclərin azərbaycanlılara hücumu nəticəsində dava yaranıb.
Deputat məsələyə siyasi, milli qarşıdurma müstəvisində şərh verməyin əleyhinə olsa da, bəzi mətləbləri də xatırladıb: "Gürcüstan indi 90-cı illərin əvvəllərini xatırladır. Bizim soydaşlara "tatar" deyirlər və bununla yanaşı onları təhqir edirlər. Heç kim bu təxribatlara görə məsuliyyət daşımır. Biz Gürcüstan vətəndaşıyıq və əzilməyimizə heç zaman icazə vermərik. Gürcüstan dövləti məsələyə barmaqarası baxmamalıdır".
Deputat bildirib ki, Gürcüstanda son il yarımda azərbaycanlılara qarşı münasibətdə mənfi mənada dəyişikliklər olub: "Gürcüstanın indiki hakimiyyəti azərbaycanlıları sındırmaq məqsədi ilə düşünülmüş planlar həyata keçirmək istəyirlər".
Qeyd edək ki, Qardabani rayonunda Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı üzvləri ilə iqtidar tərəfdarları arasında kütləvi dava olub. Bunun etnik zəmində baş vermədiyi vurğulanıb.