“Status-kvonun qorunması Tehrana sərfəlidir” Hadisə

“Status-kvonun qorunması Tehrana sərfəlidir”

"Əslində Rusiya amili olan yerdə İran Qarabağa dair böyük planlarını bir qədər fərqli kontekstdə hazırlamağa məcburdur. Yəni, status-kvonun qorunması Tehrana sərfəlidir və nəticədə Azərbaycanın istər tarix, istərsə də cari məqsədlərini çox ustaqlıqla idarə etməyə resurs yaranır. Necə deyərlər, separatizm Qafqazda himayə olunduğu üçün ölkələrin xarici siyasət vektorunu daim asılı vəziyyətdə saxlamağa imkan var". Bunu millət vəkili Zahid Oruc deyib. Millət vəkili onu da qeyd edib ki, Tehran Qarabağı müstəqil erməni dövləti kimi tanımağı heç zaman gözdən keçirməsə də Xankəndinə gedən yolları nəzarətdə saxlamağın faydasını əla bilir: "Ona görə də bütün ipləri əlinə yığaraq, çox rahatlıqla İrəvan-Qarabağ və Bakı arasında manevrlərini davam etdirir. Regionda qlobal miqyaslı tranzit layihələrinin həyata keçirildiyi bir dövrdə İran siyasətçiləri yaxın qonşulara gedən dəhlizləri ot basmağa qoymur. Əslində İrəvanın güddüyü niyyətlər çox da dərin strategiyaya köklənməyib. Yəni, Şuşa məscidini qədim İran mədəniyyətinin tərkib hissəsi kimi restavrasiya etdirmək, təkcə oradan Şimali Azərbaycanın izini itirmir. Həm də Rusiya imperiyası ilə İran arasındakı müharibədən sonra əldən verilmiş ərazilərə sahib çıxmaq kimi çox məkrli planların konturuna çevrilir. Tehranın hərbi-siyasi gücü imkan verir ki, kiçik bir ərazi subyektini-Qarabağı öz təsirində saxlamaqla bölgədə aktiv rola iddia etsin və ATƏT Minsk qrupundan kənarda mühüm alternativ müstəvi formalaşdırsın".