Qürur günü Hadisə

Qürur günü

20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsidir

Qanlı yanvar günündən 28 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Onda - qaranlıq səmada güllələrin parıldadığı, küçələrdə tankların şütüdüyü qış gecəsində azadlıq günəşinin doğmasından, həyatımızda başlayan dönüşdən hələ xəbərsiz idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan yenidən müstəqil dövlət olacaq. İndi şəhidləri azadlıq müjdəsi gətirən qaranquşlara bənzədirik.Ötən 28 ildə həyatımız büsbütün, müqayisəyə gəlməz dərəcədə dəyişib, 90-cı ilin Bakısından, 28 il əvvəlki Azərbaycandan, demək olar, əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. İllərin və zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır.
20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi.
Can üstə olan imperiya çıxış yolu kimi Bakıda fövqəladə vəziyyət rejimi elan etdi, bundan bir nəticə hasil olmadığını gördükdə Azərbaycan paytaxtına qoşun yeritmək qərarına gəldi.
1990-cı il, 20 yanvar, saat 00:00. Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər heç kəsə aman vermirdilər.
Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri indiki "20 Yanvar" dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər, avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin mərkəzi küçə və meydanları tanklar və silahlı əsgərlər tərəfindən mühasirəyə alınmışdı.
Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.
Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Heydər Əliyev faciə barədə danışarkən deyirdi: "Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər".
Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına Sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi.
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir.
28 ildir ki, hər 20 Yanvar günü Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən yüz minlərlə insan ötüb-keçir. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, 28 il əvvəl baş verənlərin mənası, bu xiyabanda əbədiyyətə qovuşanların gördüyü işlərin mahiyyəti zaman keçdikcə daha da aydınlaşır. Xalqımız azadlıq arzusuna qovuşub, hər birimiz müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Onda - 1990-cı ilin yanvarında müstəqillik bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.