
"Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, Türkiyə və Avropa arasında yerləşən coğrafi mövqeyi daha geniş regionda bərpa olunan enerji resurslarını, bazarları və infrastrukturu birləşdirmək üçün imkan yaradır”.
APA xəbər verir ki, xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında “İnnovasiyalar, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişaf etdirilməsi” panel sessiyasında deyib.
O bildirib ki, Azərbaycan yalnız ölkə daxilində yaşıl elektrik enerjisi istehsalı ilə məhdudlaşmır: “Biz regional tərəfdaşlarımızla birlikdə bərpa olunan enerjinin region üzrə ötürülməsinə imkan verəcək yaşıl enerji dəhlizlərinin yaradılması üzərində işləyirik.
Əsas təşəbbüslərdən biri Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizidir. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Eyni zamanda, Xəzər dənizi vasitəsilə Şərqi Avropaya yaşıl enerji bağlantılarının genişləndirilməsi istiqamətində də iş aparılır.
COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu, Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinin əsasını qoyub.
Bu dəhliz strateji əhəmiyyət daşıyır. Çünki o, Mərkəzi Asiyanın böyük bərpa olunan enerji potensialını Azərbaycanla, Azərbaycan vasitəsilə isə daha geniş regional və Avropa bazarları ilə əlaqələndirmək imkanı yaradır.
Biz, həmçinin Türkiyə istiqamətində enerji bağlantılarının inkişaf etdirilməsi üzərində işləyirik. Azərbaycan–Naxçıvan–Türkiyə enerji interkonnektoru Azərbaycanın və Türkiyənin enerji infrastrukturlarının inteqrasiyasını və bərpa olunan elektrik enerjisinin Naxçıvana ixracı üçün imkanların yaradılmasını hədəfləyir.
Digər mühüm təşəbbüs Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizidir. Bu çərçivədə dörd ölkənin energetika nazirlikləri qlobal elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Bu təşəbbüs sərhədlərarası bərpa olunan enerji bağlantıları üçün regional çərçivəni daha da gücləndirir. Bütün bu təşəbbüslər daha geniş bir baxışı nümayiş etdirir. Biz bu dəhlizləri daha böyük regional yaşıl enerji şəbəkəsinin tərkib hissəsi kimi görürük. Birlikdə onlar Mərkəzi Asiyanı, Azərbaycanı, Türkiyəni və Avropanı birləşdirə, bərpa olunan enerjinin region üzrə ötürülməsinə imkan yarada bilər”.