Bakı Metropoliteni sərnişinlər üçün yenilik edib Hadisə

Bakı Metropoliteni sərnişinlər üçün yenilik edib

Bakı Metropoliteni sərnişinlər üçün yenilik edib. Metropolitenin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Türkiyənin "KentKart EGE Elektronik" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.
Qeyd edək ki, 8 avqust 2015-ci il tarixindən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi də davam etdirilir. Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı "Sahil", "Gənclik" və "Koroğlu" stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb. Təmir olunan "Xətai" və "Bakmil" stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.