Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar Hadisə

Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar

ADA Universitetinin İxtisasartırma Proqramı və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı çərçivəsində “Azərbaycanda məcburi köçkünlər probleminin həlli: uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda təlim sessiyası keçirilib.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sessiya çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə akkreditə olunmuş 16 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri qarşısında “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinin ağır nəticələri, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraiti olan yerlərdə yaşamağa məcbur qalması barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş ardıcıl, kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu çərçivədə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşır, onların sosial rifahının yaxşılaşdırılmasına mühüm humanitar dəstək göstərir.

Çıxışda işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafının təmin edilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli qayıdışının təşkili dövlət siyasətinin başlıca prioritetləri sırasında qeyd olunub. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə də əhəmiyyətli töhfə verir. Böyük Qayıdış prosesi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də öz əksini tapıb.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastrukturun yaradılması və ərazilərin dayanıqlı inkişafı istiqamətində mühüm layihələr icra olunur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili, bu prosesə hazırlıq, əhalinin məlumatlandırılması və reinteqrasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirilir, vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi qaynar xətt xidməti fəaliyyət göstərir. Bütün bu tədbirlər Böyük Qayıdışa dair I Dövlət Proqramının müvafiq istiqamətləri üzrə reallaşdırılır.

Mühazirə zamanı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi əngəllər yaratdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan mina probleminin beynəlxalq səviyyədə həlli istiqamətində ardıcıl səylər göstərir, Ermənistanın mina xəritələrini təqdim etməsi ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında təcili tədbirlərin görülməsi tələbini irəli sürür. Bu xüsusda beynəlxalq ictimaiyyətin problemin həlli istiqamətində səylərinin gücləndirilməsi və Ermənistana təzyiqlərin artırılması zəruri hesab olunur.

Təqdimatda, həmçinin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə yanaşı, reabilitasiya və reinteqrasiya sahəsində də beynəlxalq təcrübə baxımından əhəmiyyətli model formalaşdırır.

Sessiya çərçivəsində iştirakçılara Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filmi, eləcə də Böyük Qayıdış prosesinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda Fuad Hüseynov iştirakçıların keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və digər əlaqəli məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Diplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblarDiplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblarDiplomatlar Böyük Qayıdış haqqında məlumatlandırılıblar