“Bu, Rusiyanı savaşdan çəkindirməyə yönələn açıqlamadır” Gündəm

“Bu, Rusiyanı savaşdan çəkindirməyə yönələn açıqlamadır”

Almaniya kansleri Fridrix Merz deyib ki, Ukrayna münaqişəsi ilə bağlı irəliləyiş olarsa, Rusiyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv edilə bilər.

Mövzu ilə bağlı xalqcebhesi.az-a danışan politoloq Əli Mustafa söyləyib ki, Berlində könüllülərin toplantısı oldu, Ukrayna Prezidenti də orada iştirak etdi: “Könüllülər Koalisiyası Çində keçirilən üçtərəfli görüşlə üst-üstə düşən tədbir oldu. Hətta Tramp üçtərəfli görüşdən sonra telefonla bu tədbirə qatıldı, Çində danışıqların nəticələri ilə bağlı hansısa bilgiləri, məlumatları bölüşdü. Trampın açıqlamasından da bəlli olan o idi ki, Rusiya sülh istəyir, yəni Putin savaşmaq istəmir, müharibənin dayanmasını istəyir. Könüllülər Koalisiyası Berlində Ukraynaya gələn il ciddi kömək göstərmək, Ukraynanı tək qoymamaq barədə qərara gəldilər: “Yəni əsas qərar o idi ki, bütün Avropa ölkələri birlikdə və ayrı-ayrılıqda hər biri əlini daşın altına qoysun, Ukraynaya kömək etsin”.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli olaraq tədricən götürülməsinə gəldikdə isə bu, əslində, Rusiyanı savaşdan çəkindirməyə yönələn bir açıqlamadır. Ümumiyyətlə, Avropa ölkələrinin Rusiya ilə ticarət, iqtisadi əlaqələrinin kəsilməsi onlar üçün də ağır iqtisadi-sosial nəticələr doğurur. Yəni bu savaş olmasa, Rusiya ilə xüsusilə neft-qaz sahəsində əməkdaşlıq baş tutar. Rusiyanın ucuz neft və qazını almaq Avropanın iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir. Amma indiki şəraitdə onlar bunu edə bilmirlər. Çünki Rusiya-Ukrayna savaşı Avropanı birmənalı olaraq Ukraynanı dəstəkləməyə və Rusiyaya qarşı çıxmağa məcbur edir. Odur ki, düşünürəm ki, Merzin açıqlaması müəyyən qədər profilaktik də ola bilər, yəni Rusiyanı qismən çəkindirmək, amma eyni zamanda onların gerçək niyyətini də ifadə edə bilər” – deyə Ə.Mustafa bildirib.

Röya İsrafilova