Naxçıvana uçan təyyarə hava burulğanına düşüb Hadisə

Naxçıvana uçan təyyarə hava burulğanına düşüb

Təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin xəsarət alıb

Ötən gün Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan "Boeing-757" təyyarəsi hava limanına eniş edərkən 2-3 saniyəlik hava burulğanına düşüb.
Bunu "APA-Economics"ə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, təyyarədə 180 sərnişin olub, onlardan səkkizi hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb: "Təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb".
Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.