MM bir neçə hakimi vəzifəsindən azad edib Hadisə

MM bir neçə hakimi vəzifəsindən azad edib

İnqilab Nəsirovun səlahiyyət müddəti isə uzadılıb

Milli Məclisin dünən keçirilən iclasında bir sıra hakimlərin vəzifəsindən azad olunması, eyni zamanda hakim təyinatı müzakirə edilib.
Bununla bağlı dövlət başçısı İlham Əliyevin təqdimatı barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, prezident İlham Əliyevin təqdimatı ilə MM Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edir.
O cümlədən Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun səlahiyyət müddətinin uzadılması barədə təqdimata baxılıb. Qeyd olunub ki, İ. Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb. O hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə MM-ə təqdimat göndərib. Bundan başqa, MM-ə Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə də təqdimat daxil olub.
Bütün təqdimatlar səsə qoyularaq təsdiq olunub.
Qeyd edək ki, parlament "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra hakimin fəaliyyətinə kənar müdaxilə olarsa, o bu haqda Məhkəmə-Hüquq Şurasına (MHŞ) xəbər verməlidir.
MHŞ səlahiyyətləri çərçivəsində məsələ ilə bağlı ölçü götürəcək. Qanuna təklif olunan digər dəyişiklik hakimlərin maaşı ilə bağlıdır. Təklifdə qeyd olunur ki, hakimin fəaliyyəti dövründə əmək haqqı aşağı salına bilməz.
Layihə səsə qoyularaq qəbul olunub.