O gün gəlməyib... Hadisə

O gün gəlməyib...

Arzu Şirinova

Bu həftənin ikinci günü Milli Azadlıq Hərakatının lideri, eks prezident Əbülfəz Elçibəyin doğum günü ilə başladı. Biz də bəyin məzarını ziyarət elədik, Allahdan rəhmət dilədik...
...Bütün xalqların tarixi şəxsiyyətləri olub. Və bu tarixi şəxsiyyətlər iki ildən bir dünyaya gəlməyib. Uzun illər keçib, Ulu Tanrı həmin xalqa tarixi şəxsiyyət bəxş edib. Əbülfəz Elçibəy də belə şəxsiyyətlərdəndir. Onun yaşadığı bu illər ərzində xalqına göstərdiyi fədakarlıqları saymaqla qurtarmaz. Bəs biz nə etmişik, sağlığında onun dəyərini bilmişikmi? Çox təəssüf ki, sualın cavabı müsbət deyil. Bilmirəm biz beləyik, yoxsa bütün xalqlara xas olan xüsusiyyətdi-yaxşıların qiymətini onu itirəndən sonra veririk.
Tarixə nəzər yetirək. Şair Həsimi zamanında inqilab elədi. Xalqa həqiqətləri anlatmağa çalışdı. Ancaq çox az adam onu başa düşdü. Çoxluq onu anlamadı. Anlamadığına görə də qorumadı. Aqibəti də-çarmıxa çəkilərək xalqın gözləri qarşısında diri-diri soyuldu. Zaman keçdi Həsimini dahi şair kimi təqdim etdik, əvəzsiz olduğunu anladıq...
Satirik şair Mirzə Ələkbər Sabir xalqın dərd-sərindən bəhs edirdi. Yatmış vicdanları oyatmaq üçün zindan səsinə ehtiyac yoxuydu, Sabirin bir misrası yetərdi ki, pas atmış vicdanlar oyansın, həqiqəti görsün. Ancaq həqiqət kimlər üçünsə acı olduğu üçün görünmürdü. Və yaxud görmək istəmirdilər, dərk etmirdilər. Gərək illər keçəydi ki, qəflət yuxusundan ayılıb Sabirin kim olduğunu anlayaydıq. Sabirin həm də bir çətən külfəti vardı. Ailəsini dolandırmaq üçün sabun bişirib satırdı ki, uşaqları acından ölməsin. Şair dünyasını dəyişəndən sonra ailə daha da pis günlərini yaşadı. O vaxt bir neçə ziyalı müraciət etdi ki, gəlin pul toplayıb Sabirin kitabını çıxaraq, bu zaman ailəsinə də köməklik göstərmiş olarıq. Ancaq biz bu çağırışı qulaqardına vurduq. Səhv etmirəmsə, Sabirin kitabının çıxması üçün erməni para verib. İndi Sabirin "Hophopnaməsi" az qala hər birimizin stolüstü kitabına çevrilib...
Və yaxud Həsənbəy Zərdabi. "Əkinçi" qəzetini nəşrə hazırlayanda hansı basqılarla üzləşdiyi ən azından yazı-pozu adamlarına bəllidir. Milli mətbuatın təməlini qoyan bu kişi qəzetin davamlı olması üçün döymədiyi qapı qalmamışdı. Qapıların arxasından boylanan şişmanlar nəinki onun xahişini yerinə yetirirdilər, özü demişkən danos yazıb Zərdabini məhv etdirmək istəyirdilər. Zərdabi təkcə bu fəaliyyətilə kifayətlənmirdi, Azərbaycanı diyarbədiyar gəzib imkanlı bəylərdən pul toplayıb azərbaycanlı övladlarının təhsil almasına çalışırdı. Ancaq faydası nə, Qarabağda yaşayan və övladı olmayan erməni yığdıqlarını erməni balalarına xərcləmək üçün bu təşəbbüsə qoşulsa da, bizim bəylərdən səs-səmir gəlmədi. Bu gün on doqquzuncu əsrin sonlarında baş verən həqiqətləri dilə gətirəndə utanırıq, "kaş belə olmayaydı" deyib, xəcalət çəkirik. Eyni zamanda, Zərdabinin böyüklüyünü dərk edib, az qala ona səcdə etməyə başlamışıq...
...İllər keçəcək həmin gündən sənin üçün də olacaq bəy. Bizlər sənin kimliyini anlayacağıq. Biləcəyik ki, sən siyasəti alverə çevirməmisən, əksinə əxlaqlı və dürüst siyasət aparıb hər zaman xalqı düşünmüsən. Bu gün isə hələ ki, o gün gəlməyib. O günün gəlməsi üçün zamanı gözləməliyik. Ulu Tanrı həmin zamanı bütün Elçibəysevərlərə nəsib eləsin...