“ASAN imza ləğv edilsin” Hadisə

“ASAN imza ləğv edilsin”

Xəbər verdiyimiz kimi, mobil operatorlar gələn ayın 15-dən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə abunə haqqını 2.5 dəfə artıracaq. 1 manata təklif edilən bu xidmətə görə həmin gündən sonra 2.5 manat ödəməli olacağıq.
"Azercell Telekom" MMC bunu xərclərin artması ilə əlaqələndirib. Bildirilib ki, digər mobil operatorlar da qiymət artımına gedəcək.
Məsələni öz "Facebook" səhifəsində şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, nəyin hesabına xərcin nə az-nə çox 2.5 dəfə artmasının səbəbləri qaranqlıdır: "Digər operatorların da eyni gündə qiymət artımlarına getmələri, məhz mobil kommunikasiya bazarının liberallaşdırılmasının vacibliyini bir daha artırır. Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda "Asan İmza"ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər".
Onun sözlərinə görə, elektron xidmətlərin daha aşağı xərclərlə əldə edilməsinin özü də prioritet olmalıdır: "Təəssüf ki, son tarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır".