Təhsil Nazirliyi Milli Mətbuat günü ilə bağlı tədbir keçirib Hadisə

Təhsil Nazirliyi Milli Mətbuat günü ilə bağlı tədbir keçirib

Dünən təhsil sahəsində baş verən dəyişikliklərin cəmiyyətə çatdırılmasında fəallıq göstərən mətbuat nümayəndələrinin və bu sahədə peşəkarlıq nümayiş etdirən təhsil sahəsi əməkdaşlarının 22 iyul – Milli Mətbuat günü münasibəti ilə əlaqədar təltif olunması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov iştirak ediblər.
C. Bayramov bildirib ki, Azərbaycan milli mətbuatının əsasını hər zaman maarifçilik ideyaları təşkil edib. Nazir deyib ki, 143 illik tarixə malik Azərbaycan mətbuatı bu gün də maarifçilik prinsiplərinə əməl edir və təhsilə çox böyük diqqət yetirir.
Ə. Amaşov qeyd edib ki, Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunu oyadıb. Onun sözlərinə görə, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradanların əksəriyyəti mətbuatın içindən çıxıb. Şura sədri son zamanlar təhsil sahəsində dərin islahatların aparıldığını, cəmiyyətdə müəllim nüfuzunun artdığını da vurğulayıb.
Sonda təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasında fəallığı ilə seçilən media nümayəndələri və bu sahədə çalışan təhsil işçiləri təltif olunub.