Sosial evlər satışa çıxır Hadisə

Sosial evlər satışa çıxır

Yaxın zamanda sosial mənzillər yenidən satışa çıxarılacaq.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb.
"Mənzil İnşaatı Dövlət Agentliyi "güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqla yanaşı, "Ernst & Young" audit şirkətini cəlb edərək sistemin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirib. Bu isə o deməkdir ki, yaxın zamanda artıq sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkün olacaq", - ekspert bildirib.
İqtisadçı mənzillərə müraciət mexanizmi və qiymətlərin dəyişmədiyini qeyd edib:
"Belə ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq. Qiymətlərə gəldikdə isə ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40, 2 otaqlı mənzillər 70, 3 otaqlı mənzillər isə 84 kvadrat metrədək olacaq. Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub".