FHN-in axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilib Hadisə

FHN-in axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilib

İyulun 30-31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Təlim-Tədris Mərkəzində "Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin zəlzələ nəticəsində dağılmış ərazilərdə axtarış-xilasetmə işlərinə hazırlığın təşkil edilməsi və keçirilməsi" mövzusunda taktiki-xüsusi təlim keçirilib.
FHN-dən bildiriblər ki, təlim zamanı qarşıya qoyulan əsas məqsədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının və qurumlarının beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının INSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, dəstənin beynəlxalq axtarış-xilasetmə tədbirlərinə cəlb edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində bilik və bacarıqlarının artırılmasından ibarət olub.
Təlim zamanı beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak məqsədilə göndərilməsinin təşkili, hadisə yerində yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul olunması, beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməliyyat bazasının və sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, hündürlükdən və dağıntılar altından zərərçəkənlərin xilası üzrə tədbirlər yerinə yetirilib.
Tədbirdə əsas səylər şəxsi heyətə axtarış-xilasetmə fəaliyyəti sahəsində beynəlxalq təlimat və tövsiyələrin tələblərinin dərindən öyrədilməsinə, o cümlədən hadisə rayonuna yürüşün həyata keçirilməsi, əməliyyat bazasının qurulması, axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi zamanı həyat və sağlamlığın qorunması, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət olunması üzrə əməli vərdişlərin aşılanmasına yönəldilib. Təlimdə qarşıya qoyulmuş məqsədlərə uğurla nail olunub.