Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb Hadisə

Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

"Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatların ciddi əsası yoxdur"

Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son günlər paytaxtda güclü zəlzələnin olacağı ilə barədə səsləndirilən fikirlərlə bağlı rəsmi məlumat açıqlayıb.
RSXM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda son iki gündə paytaxt sakinləri arasında yayılan məlumatların heç bir əsası yoxdur: "Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatları qətiyyətlə pisləyirik. Bu məlumatların ciddi əsası yoxdur. Azərbaycan ərazisində seysmoloji vəziyyətlə bağlı müşahidələr AMEA nəzdində RSXM-də aparılır və mərkəz tərəfindən müntəzəm olaraq baş verən zəlzələlər barəsində məlumatlar ictimaiyyətə çatdırılır. Hazırda Mərkəzin 35 telemetrik seysmik stansiyaları tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir. Təəssüf hissi ilə bildiririk ki, bəzi insanlar fevralın 11-də Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra əhali arasında heç bir elmi əsası olmayan məlumatlar yayaraq, insanlar arasında yersiz qorxu və təşviş hissi yaratmağa çalışırlar. Bu insanların məqsədləri bizə aydın olmasa da, bildirmək istərdik ki, bu cür fikirləri əhali arasında yaymaq insanların psixologiyasına və sağlamlığına olduqca mənfi təsir edir. Bu xəbərlərlə bağlı Mərkəzimizə son günlər edilən çoxsaylı müraciətləri nəzərə alaraq bir daha ölkə mediasına bir daha müraciət edirik. Bir daha mətbuat orqanlarından xahiş edirik ki, zəlzələ haqqında məlumatları yayarkən RSXM-in www.seismology.az rəsmi internet saytına istinad etsinlər. Eyni zamanda mətbuat nümayəndələri və vətəndaşlar Mərkəzin 492-34-57 saylı telefonuna zəng edərək, Mətbuat Xidmətindən öz sualları ilə bağlı ətraflı məlumat ala bilərlər".